KİV: İran Hörmüz boğazından keçən gəmilər üçün yeni qaydalar müəyyən edir

İran Hörmüz boğazında gəmiçilik üzərində faktiki nəzarət qurur.

Bu barədə “Bloomberg” izləmə məlumatlarının təhlili və ekspertlərin rəylərinə istinadən məlumat yayıb.

Bildirilir ki, sözügedən boğazdan İranın təsdiqini alan gəmilərin keçidinə icazə verən bir sistemin yaradılması planlaşdırılıb.

“JPMorgan Chase” analitikləri qeyd edirlər ki, boğazda daha çox Tehranla siyasi razılaşmalardan asılı olan bir sistem formalaşır.

“EOS Risk Group” konsaltinq bölməsinin rəhbəri Martin Kellinin fikrincə, gəmilərin Larak və Keşm adaları arasındakı boğazdan keçmək üçün icazə almalı olduğu verifikasiya prosesi başlayır.

Bu faktın özü neft treyderlərinə ümid versə də, bu marşrutun İran sahilinə yaxınlığı sığortaçılar və xammal sövdələşmələrini maliyyələşdirən banklar üçün ciddi problemlər yaradır.

Qərb sığortaçıları geniş sanksiyalar səbəbindən, adətən, İranla bağlı iddiaları həll edə bilmirlər, bu da yeni marşrutun istifadə risklərini artırır.

Qeyd olunur ki, adi vaxtlarda təhlükəsizlik risklərinə görə İrana bu qədər yaxın üzmək qeyri-adi görünərdi.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.