İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 1062 nəfərə çatıb.
Bu barədə İranının Şəhidlər və Qazilər Fondunun sədri Səid Oxadi danışıb.
“Bu günə qədər 1062 nəfəri dəfn etmişik, İsrailin cinayətləri nəticəsində daha 5800 nəfər yaralanıb, onlardan 100-ə yaxını hələ də xəstəxanadadır, 34 nəfərin vəziyyəti ağırdır”, – deyə Oxadi İran dövlət televiziyasına bildirib.
Qeyd edək ki, bundan əvvəl İranda gedən döyüşlərdə 1060 nəfərin öldüyü, 5000-dən çox insanın yaralandığı bildirilirdi.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İran cavab hücumuna başlayıb. Doqquz gün sonra iyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl Udeyd aviabazasına raket zərbəsi endirib. Daha sonra ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.




