Nigeriyada heyvandan insana keçən Lassa virusu sürətlə yayılmağa davam edir. Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin yaydığı məlumata görə, bu il yanvarın 1-dən bu günə qədər ölkə üzrə 924 nəfərdə Lassa qızdırması aşkarlanıb. Ölənlərin sayı isə 172 nəfərə çatıb.
Məlumatda bildirilir ki, virus paytaxt Abuja da daxil olmaqla 21 əyalətdə yayılıb və xəstəliyin əsasən 21–30 yaş arası şəxslər arasında daha çox görüldüyü qeyd olunur. Kişilər qadınlara nisbətən daha çox yoluxur.
Qeyd edək ki, ötən il Lassa virusu səbəbindən Nigeriyada 190 nəfər həyatını itirmişdi. Ölümcül virus səbəbilə ölkə hökuməti 2019-cu ilin yanvarında fövqəladə vəziyyət elan etmişdi.
Virus necə yayılır?
Əsasən siçanların ifrazatı ilə təmas nəticəsində yayılan Lassa qızdırması, insandan insana keçərək ölümcül hemorragik (qanamalı) qızdırmaya səbəb ola bilir. Virus ilk dəfə 1969-cu ildə Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətində qeydə alınıb.
Xəstəlik Togo, Mali, Qana, Liberiya və Syerra-Leone kimi bir sıra Afrika ölkələrində də yayılıb. Səhiyyə qurumları insanlara siçanlar və digər gəmiricilərlə təmasdan uzaq durmağı tövsiyə edir.




