“Mən düzünü deyəcəm. Əli İsa Cabbarov və Həmidə Ömərovanı dəstəkləyirdim. Həmidə kimi sənətkarı konfransda danışmağa qoymadılar. Bu məni yandırıb yaxır. Onun qədər filmlərdə çəkilən, kinoya xidmət edən ikinci aktrisa çox nadir hallarda olur. Onun xətrini çox istəyirəm. Şəfiqə sədr seçilmədi, sadəcə təyinat oldu. Başa düşə bilmirəm bu necə olur ki?! Şəfiqə Məmmədovanın sədr seçilməsi ilə kinoittifaq da “öldü”. Necə ki, illərdir kinomuz da “can verir”. Nə qədər istedadın, bacarığın olursa-olsun, əgər sənin arxanda dəstək olanın yoxdursa sən qabağa gedə bilməyəcəksən. Bir sözlə adamın adamı olmalıdır. Anar da illər öncə belə bir əsər yazmışdı.. O illər öncə də sədr seçilmişdi. Azərbaycan kinosu üçün heç bir şey etməyib. Rüstəm İbrahimbəyov sədr olanda bu da orada idi. Rüstəmə sual verirdim ki, onu niyə burada saxlayırsan?! Deyirdi ki, “Şəfiqənin adamı var”.
Bunu açıqlamasında Xalq artisti, sevilən aktrisa Elmira Şabanova deyib.
Elmira Şabanova Şəfiqə Məmmədova ilə münasibətlərindən də danışıb:
“Şəfiqə üçün yalnız özü var. Bizdən söz düşəndə həmişə deyirdi ki, “onlar nəyə çəkiliblər ki?”. O ancaq “mənəm-mənəmlik” edir.. Bəzi adamlar da onu dəstəkləmirdilər, amma konfransda fikirlərini dəyişib dəstəkləyiblər. Yəqin ki, Şəfiqədən pul istəyiblər, o da verib. Doğum günümdə kinoittifaq mənə pul göndərdi. Şəfiqəyə görə bir qəpik də götürmədim və geri qaytardım. O belə adamdır ki, sonra yazacaq, deyəcək ki, belə kömək etdim, elə kömək etdim. O illərdə mənə təqaüd, ev, maşın verdilər. Əlimdən hər şeyi almaq istəyirdi. “Qızıl çıraq” mükafatını mənə verməli idilər. Rüstəmə nə dedi, nə demədi mükafatı götürüb Şəfiqə ilə aramızda böldü. Mən özümə hörmət edən insanam. Yaxşı ki, belə doğulmuşam və belə yaşayıram. 10 ildir ki, bu sahədən uzaqlaşmışam. Çünki sənətkarları tanıyandan sonra onlara nifrət etməyə başladım”.
Qeyd edək ki, Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin dünən keçirilən konfransında sədr seçilib.



