Misir və Türk dilli Ölkələri arasında körpü quran gənc xanım, alim və həkim Dr. Sandy Salim Misirdə misilsiz təşəbbüslə çıxış etdi. Belə ki, misirli və azərbaycanlı köklərə sahib olan gənc alim və həkim Dr. Sandy Salim tərəfindən Misirdə ilk dəfə olaraq “Azərbaycan Mədəniyyəti Gecəsi” təşkil edildi.
Bu gecə, Sandy Salimin mədəni körpülər qurmaq və etnik çoxluğun onun sosial fəaliyyətinə və şəxsiyyətinə necə təsir etdiyini nümayiş etdirmək arzularının təcəssümü idi.
Tədbirin başlanğıcı iki Ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə vətənpərvər bir ruhda keçirildi. Ardınca Sandy Salim özü tərəfindən ifa olunan təsirli bir musiqi nömrəsi – məşhur Azərbaycan xalq mahnısı olan və UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş “Sarı Gəlin” ifa olundu.
Gecənin ən parlaq ulduzu isə tanınmış azərbaycanlı rəqqasəsi Lenay Seyidəlizadə (Lenay SeidAliZade) oldu.
O, tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanan beş orijinal Azərbaycan rəqsi təqdim etdi: “Tərəkəmə”, “Mirzəyi stəkan”, “Ağ çiçək”, “İnnabı” və “101”.
Tədbir zəngin mədəniyyətlər qarışığı ilə yadda qaldı – məşhur misirli müğənni Şahinazın çıxışı, eləcə də Misir folkloruna məxsus Said bölgəsinə aid rəqs və tanura (fırlanan derviş rəqsi) təqdim olundu. Həmçinin tədbirə “türk elementi” də əlavə edildi – tədbirin Türkiyənin Misirdəki səfirinin iqamətgahında keçirilməsi Azərbaycan, Türkiyə və Misir arasında qardaşlıq münasibətlərinin dərinliyinin əyani sübutudur.
Gecədə digər türk dilli respublikalardan da nümayəndələr iştirak etdilər – məsələn, Tatarıstandan Regina və Başqırdıstandan Elvira. Tədbirdə 13 sənətçi çıxış etdi.
Azərbaycanın Misirdəki Diasporunun ən kiçik nümayəndəsi olan Adam Havvas Azərbaycan Milli paltarını nümayiş etdirdi və “İnnabı” rəqsində Lenay xanımı müşayiət etdi.
İsti və enerjili bir atmosferdə davam edən gecədə Misirdə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Misirdə Azərbaycanı kəşf et” müsabiqəsinin 5 illik yubileyi münasibətilə tort kəsimi mərasimi təşkil olundu. Bu mərasimə Mərkəzin rəhbəri Dr. Sada Ali və Misirdəki Azərbaycan icmasının rəsmi koordinatoru Dr. Sabina Sultan rəhbərlik etdilər.
Ən yaddaqalan hissə isə tədbirin sonuna təsadüf etdi – “Yallı” rəqsi zamanı 150-dən çox iştirakçı birlikdə rəqs etdi. Bu rəqs Azərbaycanlı müğənni Zülfiyyə Xanbabayevanın “Azərbaycan” adlı mahnısının müşayiəti ilə yerinə yetirildi və tədbirin birlik və mədəni həmrəyliyi əks etdirən sənət tablosu ilə yekunlaşmasına səbəb oldu.
Gecənin sonunda Sandy Salim duyğularını belə ifadə etdi:
“Daima arzum olub ki, mədəniyyətlər arasında körpülər qurum və digər ölkələrə göstərim ki, etnik çoxluq şəxsiyyətimə və sosial fəaliyyətimə necə təsir göstərib.
Və Hamını Azərbaycanı kəşf etməyə dəvət etdi. “
Bu, hər baxımdan zəngin, rəğbətlə qarşılanan və unudulmaz bir mədəniyyət gecəsi oldu.
Tədbir Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirildi. Tədbir Misirli medianın böyük marağını çəkdi.
Şamil Sabiroğlu, jurnalist.
14.10.2025.





