Fransalı milyarder Pyer-Eduar Steren beş övladının 1.4 milyard avroluq sərvətindən bir sent belə almaması üçün Fransanın varislik qanunlarını dəyişdirməyə çalışdığını bildirib.
Bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Məlumata görə, “Smartbox” şirkəti sayəsində varlanan 52 yaşlı iş adamı hazırda Belçikada yaşayır. Fransa Senatındakı çıxışı zamanı o qeyd edib ki, onun fikrincə, miras uşaqları korlayır. Sahibkar öz qərarını belə şərh edib:
“Mən övladlarımı məhv etmək istəmirəm. Onlara bir sent də vermək niyyətində deyiləm. Əsl azadlıq həyata sıfırdan başlamaqdır”.
Lakin Fransa qanunvericiliyi uşaqları sadəcə olaraq mirasdan məhrum etməyə imkan vermir. Napoleon Məcəlləsinə əsasən, övladlar məcburi vərəsə hesab olunurlar. Əgər şəxsin üç və ya daha çox uşağı varsa, sərvətin ən azı 75%-i avtomatik olaraq onlara çatmalıdır.
Steren bu qanunu şəxsi azadlığın məhdudlaşdırılması kimi qiymətləndirdiyini və öz pulları üzərində tam sərəncam vermək, məsələn, bütün vəsaiti xeyriyyəçiliyə yönəltmək hüququna sahib olmaq istədiyini vurğulayıb.




