Fransalı meteoroloqlar Milad bayramı günlərində ölkədə son 15 ilin ən soyuq havalarının müşahidə olunacağını proqnozlaşdırırlar.
Bu barədə “Figaro” nəşri məlumat yayıb.
Məlumata görə, dekabrın 25-dən etibarən Fransanın şimal bölgələrində havanın temperaturu 0-3 dərəcə arasında dəyişəcək. Aralıq dənizi sahillərində temperaturun 7-11 dərəcə, Korsika adasında isə 14 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Mütəxəssislərin proqnozlarına əsasən, 2025-ci ildə Milad bayramı günlərində Fransada orta temperatur 2.1 dərəcə olacaq. Bu göstərici 2010-cu ildən bəri ölkədə qeydə alınan ən soyuq Milad bayramı kimi qiymətləndirilir.
Meteoroloqlar dekabrın 25-nə keçən gecə Fransanın bəzi bölgələrində qar yağması ehtimalını da istisna etmirlər.




