Folklor İnstitutunda “Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda respublika elmi konfransı keçirilib

0
240

19 aprel 2022-ci ildə AMEA Folklor İnstitutu və “Folklorçular” İctimai Birliyi birlikdə “Dastanlarda milli-mənəvi dəyərlərimiz” mövzusunda respublika elmi konfransı keçirib. Birliyin Azərbaycanda dastançılıq ənənəsinin qorunub saxlanması və inkişafı istiqamətində apardığı tədbirlər çərçivəsində keçirilən konfransa Şəki, Gəncə, Qazax, Qobustan və d. bölgələrdəki elmi-yaradıcılıq müəssisələrinin nümayəndələri də qatılıb.
Konfransı giriş sözü ilə açan AMEA Folklor İnstitutunun baş direktoru, “Folklorçular” İB-nin sədri, akademik Muxtar Kazımoğlu- İmanov bildirib ki, Azərbaycan dünyada ən zəngin folklora sahib ölkələrdəndir. Folklorumuzun mühüm bir sahəsini təşkil edən dastanlarımız öyrənilib tədqiq olunsa da, onların bir çoxu aşıqların ifasından lentə alınmayıb. Müasir dövrdə gənc aşıqlar arasında isə dastan ənənəsi aradan qalxır. Akademik dastanlarda xalqın mədəni-mənəvi dünyasının, keçmişinin, tarixinin yatdığını bildirərək, bu sahənin öyrənilməsinin hər zaman aktual olduğunu vurğulayıb. Alim son illər həyata keşirilən “Dastan gecələri” layihəsini, aşıqların ifasında dastanların lentə alınıb saxlanmasını, albomların hazırlanmasını vacib və əhəmiyyətli tədbirlər kimi xüsusi qeyd edib. Çıxışının sonunda akademik Muxtar Kazımoğlu-İmanov konfrans iştirakçılarına uğurlar diləyib.
Sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent İlhamə Qəsəbova çıxış edərək dastançılıq ənənələrindən, aşıq sənətindəki ustad-şagird münasibətlərindən və müasir dövrdə dastançılıq ənənələrinin vəziyyətindən danışıb. O, çıxışının sonunda şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrı olan dastanların aşıq repertuarında qorunmasının və gənc saz ifaçılarında bu sahəyə marağın aşılanmasının vacibliyini vurğulayıb.
Konfrans daha sonra öz işini bölmələrdə davam etdirib.
Sonda qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Folklorçular” İctimai Birliyi 2022-ci ilin fevral ayından etibarən “Milli mənəviyyatımızın işığı olan “Dastan gecələri”nin bərpası və təbliği” adlı layihənin icrasına başlayıb. Konfransın davamı kimi aprel ayının 27, 28, 29-da Borçalıdan gələn aşıqların iştirakı ilə növbəti “Dastan gecələri”nin keçirilməsi planlaşdırılır.