“Əsl cəhənnəm hələ indi başlayır”: Ukrayna Krımı qurudan, dənizdən və havadan təcrid edir” – “The Telegraph”

Ukrayna işğal altındakı Krımı Rusiyanın əsas hərbi dayaq məntəqəsi kimi zəiflətmək üçün logistik marşrutlara, enerji və yanacaq infrastrukturuna zərbələri gücləndirir. 

Bu barədə “The Telegraph” nəşri yazıb.

Nəşr yazır ki, Kiyevin məqsədi yarımadanın təchizatını maksimum dərəcədə çətinləşdirmək və işğalçı qüvvələrin imkanlarını məhdudlaşdırmaqdır.

Krımın təchizat yolları hədəfdədir

Məlumata görə, Ukrayna əvvəlcə Rusiya ilə Krımı birləşdirən quru dəhlizini və dəmir yolu xətlərini hədəfə alıb. Sonradan hücumlar neft bazalarına, elektrik stansiyalarına, hava hücumundan müdafiə sistemlərinə, Kerç limanındakı neft terminalına, həmçinin Çonqar və Geniçesk körpülərinə qədər genişlənib.

Ukraynanın rəqəmsal transformasiya naziri Mixail Fyodorov bildirib ki, əməliyyatlar yeni mərhələyə qədəm qoyur.
“Krım pilotsuz aparatlarla təcrid olunur. Yaxın gələcəkdə yarımada adaya çevriləcək. Ruslar üçün əsl cəhənnəm hələ başlayır”, – deyə o vurğulayıb.

Yanacaq qıtlığı və gündəlik problemlər

Nəşrin yazdığına görə, zərbələrin nəticələri artıq həm Rusiya ordusu, həm də Krım sakinləri tərəfindən hiss olunur. Yanacaq çatışmazlığı səbəbindən bəzi məntəqələrdə benzin satışı məhdudlaşdırılıb, qeyri-qanuni yanacaq bazarı formalaşıb.

Sakinlər elektrik və su təchizatında tez-tez fasilələrin yarandığını, mağazaların bəzən yalnız nağd ödəniş qəbul etdiyini bildirirlər. Sosial şəbəkələrdə isə gecələr baş verən partlayışlar və artan təhlükəsizlik narahatlıqları ilə bağlı şikayətlər çoxalıb.

Turizm zəifləyir, müharibədə yeni mərhələ

Nəşr qeyd edir ki, yay mövsümündə Krımdakı otel bronlarının böyük hissəsi ləğv olunub, yolları tərk edən avtomobillərin uzun növbələri yaranıb, bir çox sahibkar isə fəaliyyətini dayandırmağa başlayıb. Ukraynalı analitiklər hesab edirlər ki, logistikaya endirilən zərbələr Rusiyanın cənub cəbhəsindəki hərbi imkanlarına artıq təsir göstərir.

Onların fikrincə, bu kampaniyada əsas rolu avtonom idarəetmə və peyk rabitəsi ilə təchiz edilmiş yeni nəsil zərbə pilotsuz aparatları oynayır. Prezident Vladimir Zelenski də bildirib ki, quru və dənizdən sonra müharibənin taleyini havada üstünlüyün müəyyən edə biləcəyi yeni mərhələ başlayıb.