Çin hakimiyyəti “Bavi” qasırğasının yaxınlaşması ilə əlaqədar 900 mindən çox insanı təxliyə edib.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Məlumata görə, qasırğanın bazar gününə keçən gecə ölkənin şərq sahillərinə çatacağı gözlənilir. Təbii fəlakətin əsas zərbəsinin Çjetszyan əyalətinin Vençjou şəhəri ərazisinə dəyəcəyi proqnozlaşdırılır.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, təkcə Vençjouda 887,8 min nəfər evini tərk edib. Bundan əlavə, leysan yağışları və daşqın təhlükəsi səbəbindən Çinin şimal rayonlarından daha 100 mindən çox sakin təxliyə olunub.
Son məlumata görə, bu həftə əlverişsiz hava şəraiti nəticəsində Çində azı 39 nəfər həlak olub, onlarla çay məcrasından çıxıb, bəndlərdən biri isə dağılıb.
“Bavi” qasırğası Tayvan və Yaponiyanın cənub-qərb adalarına da təsir göstərib. Tayvanda 14 mindən çox insan təxliyə edilib, yüzlərlə aviareys ləğv olunub, 170 mindən çox təsərrüfat isə elektriksiz qalıb. Sinoptiklər leysan yağışları və hündürlüyü 10 metrə çatan dalğalar barədə xəbərdarlıq ediblər.
Yaponiyada isə Okinava prefekturasının adalarında 18 mindən çox ev işıqsız qalıb. Onlarla aviareysin ləğvi 26 mindən çox sərnişinə təsir edib.
Qeyd edək ki, əvvəlcə superqasırğa gücünə çatan “Bavi” daha əvvəl Quam və Şimali Mariana adalarından keçib. Hazırda onun davamlı küləyinin sürəti təxminən saatda 137 kilometr təşkil etsə də, sinoptiklər qasırğanın Çinin şərq sahilləri üçün hələ də ciddi təhlükə yaratdığını bildirirlər.




