Anormal istilər Kanada Arktikasına çatıb: Temperatur rekordları yenilənib

Şimali Amerikada hazırda hökm sürən anomal istilər fonunda Kanadanın Arktika regionu Nunavutda temperatur rekordları yenilənib.

Müvafiq məlumat Kanada Milli Meteorologiya Bürosunun rəsmi informasiya bülletenində öz əksini tapıb.

Məlumata əsasən, iyulun 5-də Kembric-Bey yaşayış məntəqəsində havanın hərarəti 22.1 dərəcəyə qədər yüksələrək 1930-cu ilə aid rekordu (21.7) üstələyib. Korol-Harbor ərazisində isə temperatur 27.1 dərəcəyədək qızaraq 2002-ci ilin maksimum göstəricisini (24.7) arxada qoyub. Qeyd etmək lazımdır ki, həmin ərazilərdə iyul ayı üçün xarakterik olan normal orta temperatur cəmi 3-9 dərəcə arasında dəyişir.

Xatırladaq ki, keçən həftədən etibarən həm Kanada, həm də ABŞ ərazisində qeyri-adi isti hava şəraiti davam edir və bəzi regionlarda termometrin sütunları 45 dərəcəyədək çatır.