Alimlərdən yeni kəşf: Qoz-fındıq yeni qan damarlarının yaranmasını stimullaşdıra bilər

İnsultdan əziyyət çəkmiş insanlarda qoz-fındığın müntəzəm istehlakı yeni qan damarlarının yaranmasını stimullaşdıran zülalın – damarın endotelial böyümə faktorunun səviyyəsinin artması ilə əlaqələndirilib. Bu amil zədələnmədən sonra beynin potensial bərpa mexanizminə işarə edə bilər.

Sözügedən tədqiqatın nəticələri “Food & Function” jurnalında dərc olunub.

Monaş Universitetinin (Avstraliya) tədqiqatçıları orta yaşı 61 olan 1 771 könüllünün məlumatlarını təhlil ediblər. İştirakçılar gündəlik qidalanma vərdişlərini qeyd edib, məntiqi təfəkkür, məlumatın emalı sürəti və yaddaş üzrə müxtəlif testlərdən keçiblər. Həmçinin, alimlər MRT vasitəsilə ümumi beyin həcmini qiymətləndirib, qanda damarların və sinir sisteminin sağlamlığına cavabdeh olan zülalların miqdarını ölçüblər.

Əvvəllər insult keçirməyən 1 742 nəfər arasında qoz-fındıqdan daha çox istifadə edənlərin ümumi koqnitiv göstəricilərinin daha yaxşı olduğu məlum olub. Bu asılılıq xüsusilə fiziki aktivliyi az olan və qeyri-sağlam qidalanan şəxslərdə daha çox diqqət çəkib. Eyni zamanda, fiziki cəhətdən aktiv olan iştirakçılarda bu məhsulun bol istehlakı beynin ümumi həcminin artması ilə müşayiət edilib.

“İnsult keçirmiş xəstələrin rasionundakı qoz-fındığın miqdarı təfəkkür və ya yaddaşla birbaşa əlaqəli olmasa da, yüksək böyümə faktoru səviyyəsi ilə korrelyasiya təşkil edib. Bu zülal yeni qan damarlarının formalaşmasında mühüm rol oynayır və zədələnmiş toxumaların bərpasına potensial olaraq kömək edə bilər”, – deyə alimlər izah ediblər.

Tədqiqatçılar hesab edirlər ki, tərkibindəki minerallar, vitaminlər və faydalı yağlar sayəsində qoz-fındıq beyin sağlamlığını dəstəkləmək xüsusiyyətinə malikdir. Buna baxmayaraq, elmi iş bu məhsulun bütövlükdə insultun qarşısını aldığını və ya idrak funksiyalarını birbaşa yaxşılaşdırdığını tam sübut etmir.