Qazaxın anklav olan Yuxarı Əskipara kəndi və ona bitişik ərazilərin qaytarılmasına hazırlıq gedir.
Ermənistan mediasında qalmaqal yaradan bir məlumat bu haqda fikirləri ön plana çıxarıb.
Məlumata görə, Əskipara (ermənilər Voskepar deyir) kənd sakini Sayad Ağamyanın mülki Rusiyada yaşayan oğluna miras qalıb. Mirasın rəsmiləşdirilməsi zamanı Kadastr Komitəsindən oğul Ağamyana daşınmaz əmlakın bir hissəsinin Voskeparın inzibati sərhədlərindən kənarda yerləşdiyinə dair məktub verilib. Lakin Ağamyan iddia edir ki, ona miras qalan ev Azərbaycan sərhədlərindən uzaqda yerləşir. O, müəyyən anlaşılmazlığın olduğunu düşünür.
“Hraparak” nəşri isə yazır ki, kənddə daha üç evə Azərbaycan ərazisində yerləşdiyi üçün mülkiyyət şəhadətnaməsi verilməyib.
“Lakin Ağamyanın evi mübahisəli adlandırılan ərazidə olmayıb. Bu o deməkdir ki, anklavlar qaytarılanda Voskeparın da bir hissəsi təhvil veriləcək”, – nəşr iddia edib.



