Azərbaycanın titullu taekvondoçusu Radik İsayev karyerası ilə bağlı qərar qəbul edib.
Bu barədə 32 yaşlı idmançının özü məlumat verib. Dağıstan əsilli taekvondoçu yenə Azərbaycanı təmsil edəcəyini bildirib: “Yeni zirvələr fəth etmək üçün Bakıya gəlirəm”.
Gələn aydan təlim-məşq toplanışlarına qatılacağını söyləyən İsayev bu qərarı çətinlik çəkmədən qəbul etdiyini açıqlayıb: “Xüsusi çətinliyim yox idi. Sadəcə, qərar verməli idim: Davam, yoxsa tamam. Yanvarın 7-də Bakıya gələrək, məşqlərə qatılacağam. Yenidən yüksək nəticələr göstərmək? Hər şey mümkündür. Çalışacağıq”.
Qeyd edək ki, Radik İsayev Rio-2016 Yay Olimpiya Oyunlarında, Bakı-2015 I Avropa Oyunlarında və Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 80 kq-dan yuxarı, 2013 və 2015-ci il dünya çempionatlarında 87 kq, 2014-cü il Avropa çempionatında 87 kq, 2018-ci ilin qitə çempionatında isə 87 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb.
Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazana bilmədiyi üçün maaşı kəsilən təcrübəli idmançı “Report”a açıqlamasında karyerasını bitirmək fikrində olduğunu açıqlamışdı.