Türkiyənin Efes şəhəri 2500 ildən sonra yenidən dənizə çıxış əldə edəcək

0
317

Türkiyənin İzmir vilayətində yerləşən qədim Efes şəhəri 2022-ci ilin sonuna qədər yeni kanalın istifadəyə verilməsi sayəsində yenidən dənizə çıxış əldə edəcək.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bəkir Pakdemir Efesə səfəri zamanı bildirib. 

Nazir qeyd edib ki, artıq bu istiqamətlə işlərə start verilib: “Şəhəri dənizlə birləşdirəcək kanalın qazılmasına artıq start verilib. 2022-ci ilin sonuna qədər dünyaca məşhur qədim Efes şəhəri 2500 ildən sonra yeni kanalın köməyi ilə Egey dənizinə qovuşacaq”.

Bəkir Pakdemir əlavə edib ki, Efes keçmişdə liman şəhəri olub, bu gün isə dənizdən 9-10 km aralıda yerləşir: “Efesi tarixi görkəminə qaytarmaq, yenidən buranı cazibədar mərkəzə çevirmək və bölgənin turizm potensialını artırmaq üçün bu kanal layihəsini yaratdıq. Bölgədə xristianlar üçün çox əhəmiyyətli yerlər var. Müsəlmanlar Həcc ziyarətinə getdiyi kimi, xristianlar da buraya gəlib Müqəddəs Məryəm kilsəsini və digər qədim xarabalıqları ziyarət edirlər”.

Qeyd edək ki, layihə bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə kanalın girişi yenidən qurulacaq. İkinci mərhələ İzmir-Kuşadası avtomobil yolundan Efes limanına qədər olan ərazinin tarixi quruluşa uyğun olaraq yenidən təşkilini əhatə edir. Layihə başa çatdıqdan sonra turistlər qədim Efes şəhərini təkcə qurudan deyil, dəniz yolu ilə də ziyarət edə biləcəklər.