Bakı Nəqliyyat Agentliyi paytaxtda yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması ilə bağlı 2021-ci ildə bır sıra vacib layihələrin icrasını təmin edib. Cari ildə 161 küçə və prospektdə yol şəraitinin yaxşılaşdırılması ilə bağlı işlər görülüb. İl ərzində Agentliyin mütəxəssisləri tərəfindən 76 küçə və prospektin layihəsi işlənilib, 30 layihə isə icra edilib.
Avtobusların rahat və maneəsiz hərəkətini təmin etmək, ictimai nəqliyyat istifadəçilərinin səyahət müddətini minimuma endirmək məqsədilə, ümumilikdə, 6 küçə və prospektdə xüsusi zolaq təşkil edilib. Lakin nəzarətin yetərli olmaması səbəbindən, R.Behbudov küçəsi və Atatürk prospekti istisna olmaqla, xüsusi zolaqların təşkil edildiyi digər yollarda müsbət təsirlər hiss olunmur.
15 ərazidə sürət həddi optimallaşdırılıb. 225 küçə və prospektdə isə yol nişanlanma xətləri çəkilib. 27 yol kəsişməsində svetoforların vaxt planında dəyişiklik edilib.
Ümumilikdə, son 6 ildə Bakı Nəqliyyat Agentliyinin yol hərəkəti təhlükəsizliyi sahəsində həyata keçirdiyi tədbirlər nəticəsində nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol qəzalarının dinamikasında azalma müşahidə edilir. Belə ki, avtomobil qəzalarının sayı 40%, piyadaların iştirakı ilə baş verən qəzaların sayı isə 12% azalıb.