Qumara görə yeni cəzalar müəyyənləşir

0
337

Qumar oyunlarının təşkili və ya keçirilməsinə görə yeni cəzalar müəyyənləşir.

Bununla əlaqədar Cinayət Məcəlləsində 244-1-ci maddənin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilir.
Beləliklə, qumar oyunlarının təşkili və keçirilməsi, o cümlədən qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlamaya görə 5 min manatdan 10 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırma tətbiq olunacaq. Eyni əməllər təkrar, internet informasiya ehtiyatlarından və ya informasiya-kommunikasiya şəbəkələrindən istifadə etməklə, yetkinlik yaşına çatmayanların qumar oyunlarında iştirakını təşkil etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, o cümlədən xeyli miqdarda gəlir (50 min manatdan yuxarı, lakin 200 min manatdan artıq olmayan məbləğ) əldə etməklə törədildikdə 10 min manatdan 15 min manatadək cərimə və ya 2 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Yuxarıda qeyd olunan əməllər mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən və ya külli miqdarda gəlir (200 min manatdan yuxarı, lakin 500 min manatdan artıq olmayan məbləğ ) əldə etməklə törədildikdə 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Həmin əməllər xüsusilə külli miqdarda gəlir (500 min manatdan yuxarı olan məbləğ) əldə etməklə törədildikdə 3 ildən 5 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və ya 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Qeyd olunan əməlləri (təkrar törədilmə halı istisna olmaqla) törətmiş və cinayət nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürmüş şəxs, bundan əlavə əldə edilmiş gəlirin bir misli miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad ediləcək.
Layihə sabah Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.