Çavuşoğlu: “Azərbaycanla birlikdə davam edəcəyik”

0
226

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri Ceyhun Bayramovla Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən növbədənkənar iclası çərçivəsində görüşüblər.

Nazirlər iki qardaş ölkə arasındakı strateji münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıblar.

Tərəflər Azərbaycan və Türkiyə liderlərinin təşəbbüsü ilə irəli sürülən 3+3 əməkdaşlıq formatının ilk görüşünün nəticələrini müzakirə ediblər. Əməkdaşlıq mexanizminin irəli aparılmasında maraq ifadə ediblər.

Görüş zamanı nazirlər Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq istiqamətləri, habelə hər iki ölkənin birgə iştirak etdiyi üçtərəfli əməkdaşlıq formatları ilə bağlı məsələləri və növbəti aylarda bu istiqamətdə atıla biləcək addımları müzakirə ediblər.

Tərəflər, həmçinin bölgədəki cari vəziyyət, üçtərəfli bəyanatların icrası, post münaqişə kontekstində bölgə ölkələri arasında münasibətlərin normallaşdırılması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Pakistanda Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla görüşüb.

Bu barədə Türkiyənin XİN rəhbəri özünün tvitterdəki səhifəsində yazıb.

“İslam Əməkdaşlıq Təşkilatının iclasında iştirak etdiyim İslamabadda Azərbaycanın Xarici İşlər naziri can qardaşım Ceyhun Bayramovla Qafqazda baş verənləri müzakirə etdik. Bölgəmizdə normallaşmanın hər mərhələsində birlikdə hərəkət etməyə davam edəcəyik”, – Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında qeyd edib.