Mərkəzi bankları gözləyən böyük TƏHLÜKƏ – Koronavirusu belə kölgədə qoyacaq

0
257

Bu həftə dünyanın aparıcı mərkəzi bankları pul-kredit bazarları üçün ən böyük təhdidin koronavirus yox, inflyasiya olduğunu bəyan ediblər.

ABŞ, Avropa və İngiltərə mərkəzi bankları bu həftə 2021-ci ilin sonuncu faiz qərarını açıqlayıb. Həmin açıqlamalardan görünür ki, mərkəzi bankların COVİD-19 virusu ilə bağlı narahatçılığı azalır. İndi tənzimləyici orqanları narahat edən aybaay güclənən inflyasiyadır. 

Son 2 ildə pul-kredit siyasətini tənzimləyən qurumların ən böyük mübarizəsi pandemiyanın iqtisadi böyümə və məşğulluq üzərində neqativ təsirlərini azaltmaq istiqamətində idi. Bu məqsədlə də ucuz monetar siyasət yürüdülürdü. Artıq bu prioritet dəyişib. Avropalı və ABŞ-dan olan rəsmilər yüksələn qiymətlərlə mübarizəni ön plana keçiriblər. Bu səbəbdən İngiltərə Mərkəzi Bankı ötən gün son 2 ildə ilk dəfə faizləri artırdı. ABŞ Mərkəzi Bankı bəyan etdi ki, 2022-ci ildə 3 faiz artımı edəcək.

Avropa Mərkəzi Bankı isə yumşaq pul-kredit siyasətindən imtina etməyə hazırlaşır. Qurum gələn ilin martında əlavə pul emissiyasını dayandıracaq. 
Dünyanın tanınmış maliyyə institutları və araşdırma şirkətləri 2022-ci ilin ikinci yarısına qədər yüksək qiymət artımlarının davam edəcəyini proqnozlaşdırır.