Ucuz qiymətə ev almaq istəyənlərin nəzərinə! – TARİX AÇIQLANDI

0
307

Məcburi köçkünlər üçün tikiləcək binalar satışa çıxarılacaq. Bu barədə dövlət başçısı İlham Əliyev müvafiq fərman imzalayıb.

Ölkə başçısının imzaladığı fərmanla Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri, Abşeron, Lənkəran və Samux rayonlarında inşa edilən çoxmənzilli yaşayış binalarındakı mənzillər şəhid ailələri və qazilərə verildikdən sonra boş qalan mənzillər satışa çıxarılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı mövzu ilə bağlı bildirib ki, istifadəsiz qalan mənzillərin satışı yolu ilə əldə olunan vəsait şəhid ailələri və müharibə əlillərinin mənzil-məşiət şəraitinin yaxşılaşdırılmasına sərf ediləcək.

Qeyd edək ki, mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə qaydası bir ay ərzində hazırlanacaq.

Maraqlıdır ki, boş qalan evlərin qiyməti neçəyə olacaq və bu, bazara necə təsir göstərəcək? Məsələ ilə bağlı “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov açıqlama verib. Ekspert qeyd edib ki, bu evlərin satışa çıxarılması bazarda stabilləşdirici bir faktor ola bilər:

“Bu məsələ bazara çıxarılacaq evlərin sayı ilə bağlıdır. Əgər satışa birdən-birə 1000, 1500, 2000 ev çıxarılarsa, təbii ki, bazara öz təsirini göstərə bilər. Ancaq məhdud sayda çıxarılsa, bazara çətin ki, öz təsirini göstərsin.

Evlərin sayından asılı olaraq qiymətlər dəyişəcək. Satışa çıxarılacaq evlər Azərbaycan Respublikası Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) evləri ilə təxminən oxşar qiymətə olacaq”.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 16.11.2016-cı il tarixli 1113 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydanın 1.2.10-cu yarımbəndi və 3.2-ci bəndinə əsasən vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub:

1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan,

2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan,

3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan