“Yolka”lardakı böyük təhlükə – DİQQƏTLİ OLUN!

0
309

Artıq yeni ilə sayılı günlər qalıb. Bayramla əlaqəli istər paytaxtda, istərsə də evlərdə yolkalar quraşdırılıb, oyuncaqlar, bəzək əşyaları alınıb. Amma bəzən bu yolkalar, onun işıqları, zərli əşyalar bizi təhlükə ilə üz-üzə qoya bilir.
 
Bununla bağlı açıqlama verən  təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, Yeni il şənliyini təşkil edən yerlər, məktəblər, uşaq əyləncə mərkəzləri, teatrların diqqət etməli olduğu məsələlər var:

“Bunlardan biri yolkanı quraşdırarkən onun olduğu yerin möhkəm və dayanıqlı olmasıdır. Əgər yolkanın yeri sürüşən, nahamar olarsa, dayaqları düzgün bərkidilməzsə, aşma təhlükəsi yaranar və  bu da ətrafda olan insanların xəsarət alması ilə nəticələnə bilər. Eyni zamanda yolka üzərində quraşdırılan işıqların təhlükəsiz olmasına fikir vermək lazımdır. Çünki bu işıqlar sertfikasiyası olmayan dükanlardan alındıqda və ya kustar üsulla hansısa sexdə düzəldilib yolkalarda istifadə edildikdə yanma təhlükəsi yarada bilər. Bu baxımdan işıqların keyfiyyətli olmasına üstünlük verilməlidir. Yolka oyuncaqları, bəzək əşyalarını da alarkən ehtiyatlı olmaqda fayda var. Onların keyfiyyətsiz olması, üzərlərindəki boyaların, digər bəzək aqreqatlarının insanların əlinə hopası, onlarla təması təbii ki, kimyəvi tərkibli olduqlarına görə zəhərlənməyə yol aça bilər”.

Müsahibimiz deyib ki, evlərdə də yolka quraşdırarkən diqqətli olmalıyıq:

“Yolkanı elə yerə quraşdırmaq lazımdır  ki, evdə də aşma təhlükəsi olmasın, altı dayanıqlı, möhkəm olsun. Digər tərəfdən yolka pəncərənin yanında quraşdırılanda işıqları yanılı qoyub evi tərk etmək yolverilməzdir. Eyni formada yolka üzərində olan bəzək əşyaları alarkən mütləq qeyd etdiyim qaydalara riayət etmək lazımdır. Həm uşaqlar oyuncaqların kimyəvi təsirinə məruz qalıb zəhərlənməsin, həm də yolka üzərlərinə aşmasın.  Mütləq yolka işıqlarının naqillərinin zədəsiz olmasına,  işıqların üzərində olan lampaların qırıq, çat, nasaz olmamasına diqqət etməliyik. İşığı quraşdırarkən qısa qapanma olursa, o işıqdan istifadə etmək  düzgün deyil”.