Azərbaycanda pandemiya dövründə daha bir çempionat start götürür

0
273

Sabah voleybol üzrə 2021/2022 mövsümünə start veriləcək.

Voleybol Federasiyasından verilən xəbərə görə, sabah saat 15:00-da Biləcəri qəsəbəsində yerləşən “Murov” klubunun idman zalında açılış mərasimi baş tutacaq.

Turnirə qadın voleybolçular arasında Super Liqanın “Murov” və “Abşeron” komandalarının oyunu ilə start veriləcək. Görüş saat 16:00-da başlayacaq. Saat 18:00-dan etibarən kişi voleybolçular meydana çıxacaq. Yüksək Liqa çərçivəsində MOİK və “Neftçi” üz-üzə gələcək.

Super Liqada “Murov” və “Abşeron”la yanaşı, “Azərreyl”lə UNEC çempion adı uğrunda mübarizə aparacaq. Yüksək Liqada isə MOİK, “Neftçi” “Murov”, “Ekspress” və “Sərhədçi” qüvvəsini sınayacaq.

Qadın voleybolçuların yarışı altı, kişilərin mübarizəsi dörd dövrədən ibarət olacaq. Əgər yekunda xallar bərabər olarsa, çempion qələbə sayına əsasən elan ediləcək.

Ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejiminə uyğun olaraq qarşılaşmalar azarkeşsiz təşkil ediləcək.

Qeyd edək ki, bu ay qadın və kişi voleybolçular arasında I liqa yarışlarına da start veriləcək.

Xatırladaq ki, daha əvvəl güləş, üzgüçülük, taekvondo kimi idman növlərində Azərbaycan çempionatı keçirilib.