Paytaxtda kirayə haqları aşağı enib: Fərdi ev, yoxsa mənzil daha sərfəlidir?

0
283

Bakıda mənzillərin, fərdi yaşayış və bağ evlərinin kirayə qiymətləri azalıb.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətindən əldə olunan rəqəmlərə əsasən, noyabr ayı ərzində kirayə qiymətləri nisbətən aşağı olub. 

Belə ki, ötən ay ərzində paytaxt üzrə kirayə mənzillərin orta qiyməti 774 manata bərabər olub. Əvvəlki ayla (oktyabr) müqayisədə qiymətlərdə 2,2 faiz, ötən ilin eyni dövrü ilə müqayisə isə 4,6 faiz azalma qeydə alınıb.

Mənzillərin hər kvadratmetrinə görə orta qiymət 8,1 manatı təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 1,8 faiz artım, illik müqayisədə isə 1,8 faiz azalma müşahidə olunub.

Paytaxtda aşağı dəyərli mənzillər 412 manatdan, orta dəyərli mənzillər 689 manatdan, yüksək dəyərli mənzillər isə ortalama 1 482 manatdan kirayə verilir.

Noyabr ayında fərdi yaşayış və bağ evlərinin hər kvadratmetrinə görə qiyməti 6 manat olub. Ay ərzində qiymətlər 10,8 faiz, il ərzində isə 24,1 faiz azalıb.

Bakıda fərdi evlərin ortalama aylıq kirayə haqqı 1 420 manatı təşkil edib.

Paytaxtda yüksək dəyərli fərdi evlər 3 229 manatdan, orta dəyərli fərdi evlər 690 manatdan, aşağı dəyərli fərdi evlər isə ortalama 298 manatdan kirayə verilib.

Orta aylıq rəqəmlər aşağı dəyərli fərdi evlərin kirayə haqlarının müvafiq olaraq ucuz mənzillərin kirayə haqlarından daha sərfəli olduğunu göstərir. Paytaxtda orta dəyərli fərdi yaşayış evləri və mənzillərin kirayə haqları nisbətən yaxın olsa da, yüksək dəyərli mənzillərin kirayə haqları müvafiq olaraq bu cür fərdi evlərin kirayə haqlarından daha sərfəlidir.