Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Daşaltıda 2 nəfərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir:
“Şuşa şəhərinin Daşaltı kəndindən 1300 metr məsafədə, minatəmizləmə əməliyyatları icra edilməyən ərazidə iki nəfər – 1999-cu il təvəllüdlü Xanatov Orxan Nazim oğlu və 1993-cu il Qəndiyev Vüsal Firuddin oğlu mina partlayışından həlak olub.
Hadisə 9 dekabr tarixində saat 08:30 radələrində baş verib. Agentliyin təmizləmə qrupu tərəfindən hər iki şəxsin meyiti minalı ərazidən götürülərək aidiyyəti üzrə təhvil verilib.
ANAMA-nın İctimaiyyətlə əlaqələr və mətbuatla iş şöbəsi məlumat üçün bildirir ki, partlayış nəticəsində həlak olan şəxslər Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətinin əməkdaşları olub.
ANAMA tərəfindən aparılmış ilkin araşdırmalara görə hadisə düşmənin basdırdığı mina partlayışı nəticəsində baş verib.
Piyada əleyhinə minanın altına tank əleyhinə minanın qoyulması (iki mina üst-üstə qoyulub – red.) daha güclü partlayışa və öz növbəsində minaya düşənin ölümünə səbəb olur. Bu tip hadisələr bir daha Ermənistan tərəfinin terrorçu niyyətinin bariz nümunəsidir.
ANAMA tərəfindən azad edilən ərazilərdə bərpa-quruculuq işləri ilə məşğul olan şəxslərə növbəti dəfə müraciət olunur ki, təhlükəli və şübhəli ərazilərə daxil olmasınlar, rastlaşdıqları naməlum əşyalara toxunmasınlar”.