XİN: Azərbaycan SOA ölkələri ilə əməkdaşlığa hazırdır

0
284

Sakit Okean Alyansı (SOA) təşkilatının III Beynəlxalq Əməkdaşlıq Forumu keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən (XİN)  verilən məlumata görə, “Dayanıqlı sosial iqtisadi regional canlanma: beynəlxalq əməkdaşlığın töhfəsi” mövzusunda keçirilən forumda təşkilatın daimi, assosiativ və müşahidəçi qismində 60-dan çox üzv ölkəsinin nümayəndələri, o cümlədən XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov iştirak edib.

Onlayn formatlı forumda çıxış edən E.İskəndərov Alyansın fəaliyyətində müşahidəçi üzv kimi iştirak edən Azərbaycanın şimal-cənub, şərq-qərb istiqamətləri üzrə nəqliyyat tranzit imkanlarının Alyans ölkələri üçün əhəmiyyəti haqda iştirakçıları məlumatlandırıb.

Qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş miqyaslı yenidənqurma işləri haqqında danışan səfir Azərbaycanın bu sahədə də SOA ölkələri ilə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Forum müzakirələrində iştirak edən nümayəndələr ölkəmizin azad edilmiş ərazilərində həyata keçirilən yenidənqurma təcrübəsinin unikallığını qeyd edərək, bu sahədə əməkdaşlığa maraqlarını ifadə ediblər.