Qanunsuz balıq ovladığına görə 20 nəfər saxlanılıb

0
360

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən Xəzər dənizində Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi və sərhədboyu rejimin təmin edilməsi üzrə tədbirlər çərçivəsində qanunsuz balıq ovlanması faktları aşkarlanıb.

Baş Prokurorluğun və Dövlət Sərhəd Xidmətinin birgə məlumatında bildirilir ki, son günlər ərzində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri tərəfindən Xəzər dənizinə çıxan və qayıdan üzmə vasitələrinin yoxlanılması nəticəsində səkkiz halda ümumi çəkisi 114 kq 630 qram olan nərə cinsli balıq növlərinin qanunsuz ovlanması, həmçinin yeddi halda 7 096 ədəd qadağan edilmiş balıqovlama aləti olan qarmaq aşkar edilib.

Qanunsuz balıq ovladığına görə 20 nəfər şəxs saxlanılıb, onlardan 12 nəfərin Şabran, dörd nəfərin Xaçmaz, iki nəfərin Siyəzən, iki nəfərin Neftçala rayon sakinləri olmaları müəyyən edilib.

Qeyd edilən hüquq pozmalara yol vermiş şəxslərin məsuliyyətə cəlb olunmaları üçün Baş Prokurorluq və Dövlət Sərhəd Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilir.