Manat avroya qarşı bahalaşıb – FOTO

0
315

Azərbaycanda banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrünə nəzərən 35,4 faiz azalaraq 2,7 milyard ABŞ dolları ekvivalentində olub.

bu barədə Mərkəzi Bankın yanvar-sentyabr aylarını əhatə edən “Pul Siyasəti İcmalı” ilə bağlı hesabatında məlumat verilib.

Bunun 85,2 faizini ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib. Nağd valyuta bazarında son altı ayda bankların valyuta alışı satışları üstələyib.

Hesabat dövründə Mərkəzi Bankda Dövlət Neft Fondunun (ARDNF) valyuta vəsaitlərinin satışları üzrə hərracların təşkili davam etdirilib. 2021-ci ilin doqquz ayında Mərkəzi Bankda ümumilikdə 75 valyuta hərracı keçirilib. Yanvar ayında valyuta bazarında tələb artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə olunub.

Doqquz ayda manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1,7 manat təşkil edib. Kommersiya banklarının orta hesabla günlük alış məzənnəsi 1,6993, orta satış məzənnəsi isə 1,7024 manat təşkil edib.

Dövr ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişib. Belə ki, manatın məzənnəsi avroya, türk lirəsinə, İsveçrə frankına, funt-sterlinqə və yapon yeninə qarşı bahalaşıb, rus rubluna, Ukrayna qrivnasına və gürcü larisinə qarşı ucuzlaşıb.

Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 2,1 faiz, real effektiv məzənnəsi isə 2,9 faiz bahalaşıb.

Dayanıqlı məzənnə inflyasiya idxalını yumşaldıb.