Makaron haqqında bilmədiklərimiz

0
290

1. İnsanların bir çox hissəsi hesab edir ki, makaron məmulatlarının (makaron, vermişel, spaqetti və s.) qəbulu kökəlməyə səbəb olur. Lakin bu yanlış məlumatdır.

Makaron azkalorili məhsuldur. 100 qr makaronun enerji dəyəri 300-400 kalori təşkil edir. Lakin söhbət quru makarondan gedir. Bişirilmə zamanı makaron çoxlu miqdarda su canına çəkir ki, onun həcmi bir neçə dəfə böyüyür, kalorilərin miqdarı isə artmır.

Əgər insan makaron məmulatlarını az miqdarda bitki yağı və tərəvəzlərlə qəbul edirsə, bu heç zaman kökəlməyə səbəb olmayacaq. Məhz bu səbəbdən makaron hal hazırda dəbdə olan aralıq dənizi pəhrizinin ayrılmaz hissəsidir.

Əksinə isə makarona kotlet, qulyaş, sosis, yağlı souslar əlavə olunduqda yemək çox kalorili olur. Belə qidaların tez-tez qəbul olunması kökəlməyə səbəb olur.

Beləliklə, makaron yox, makaronla birlikdə qəbul olunan yağlı qidalar kökəlməyə səbəb ola bilər.

2. Makaron bir çox insanların fikirinə görə az xeyirli məhsuldur. Lakin bu da yanlışdır. Makaron buğda unundan hazırlanır. Makaronun tərkibinə zülal, B qrupu vitaminləri, mürəkkəb karbohidratlar kimi faydalı maddələr daxildir. B qrupu vitaminləri sinir, ürək-damar və orqanizmin digər sistemləri və orqanları üçün olduqca vacibdir.

Makaron məmulatlarının tərkibində olan sellüloz (təbii liflər) bağırsaqların fəaliyyətinə müsbət təsir edir, bağırsaqları orada yığılan ziyanlı maddələrdən təmizləyir.

Karbohidratlar bizim orqanizmimizdə “yanacaq” funksiyasını yerinə yetirir. Mürəkkəb karbohidratlar sadə karbohidratlarla müqayisədə orqanizm tərəfindən daha uzun müddət ərzində mənimsənilir və nəticədə insan özünü uzun müddət ərzində tox hiss edir. Bu isə kökəlmənin qarşısını alır.

3. Makaron ekoloji təmiz məhsul sayılır. Bu məhsulların hazırlanması zamanı konservant, rəngvericilər və s. kimi ziyanlı maddələr istifadə olunmur. Tez bişirilən vermişel (“lapşa”) istisnadır. Bu məhsulun tərkibində külli miqdarda dad və rəngvericilər və s. ziyanlı maddələr var. Bu səbəbdən belə məhsulları qəbul etmək olmaz.

4. Ən faydalı makaron buğdanın bərk növlərindən hazırlanır. Belə makaronların səthi hamar olur, səthində qara nöqtələr ola bilər, makaron qızılı və ya kəhrəba rəngində olur, makaron paçkasında qırıntılar olmur. Paçkanın üzərində “A qrupu” (“Группа А”), “durum”, “buğdanın bərk növləri” (“пшеница твердых сортов”), “semolina di grano duro” kimi yazılar olur.

5. Xüsusi müalicəvi  makaron növləri mövcuddur. Onların hazırlanması zamanı buğda kəpəyi, vitaminlər, düyü və ya qarabaşaq unu əlavə olunur.