Əli Kərimlinin saxlanılması ilə bağlı rəsmi açıqlama- VİDEO

0
699

AXCP sədri Əli Kərimli polis tərəfindən saxlanılıb.

Ə.Kərimlinin Müsavat Partiyasının qərargahına siyasi və ictimai fəallarla bağlı marafona qoşulmaq üçün gedərkən polis tərəfindən saxlanıldığı bildirilib. Onun Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs olunduğu da bildirilib.

Əli Kərimli ictimai asayişi kobud şəkildə pozan, qanunların tələblərinə riayət etməyən, polisə müqavimət göstərən və digər bu kimi qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə guya yardım göstərmək məqsədilə “xeyriyyə marafonu” adı altında müxtəlif çağırışlar irəli sürmüş və kampaniya təşkil etməyə çalışmışdı.

Binəqədi Rayon Məhkəməsinin Dəftərxana müdirinin Axar.az-a verdiyi məlumata görə isə Əli Kərimlinin həbsi ilə bağlı hər hansı məhkəmə qərarı yoxdur.

Bununla belə, Binəqədi Rayon Polis İdarəsində dindirilən Əli Kərimlinin izahatı alındıqdan sonra sərbəst buraxıldığı bildirilib.

***

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) AXCP sədri Əli Kərimlinin saxlanılması ilə bağlı məlumat yayıb.

İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib:

“Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılıb.

İctimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınmaqla, təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə “Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”.