Bu gün doğum günü olan şəhidlərimiz – FOTO

0
262

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində xalqımıza canları bahasına qələbə sevinci yaşadan şəhidlərimizdən doqquz nəfərin doğum günüdür.

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik:

Əsgər Abbasov Fərrux Azər oğlu 1994-cü il oktyabrın 18-də Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. 2001–2012-ci illərdə X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində təhsil alıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Fərrux Abbasov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq vuruşub.

Qəhrəmanımız oktyabrın 25-də Qubadlı istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalıb. Ağstafa rayonunun Zəlimxan kəndində torpağa tapşırılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Fərrux Abbasov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Gizir Abdürahmanlı Sübhan Mahir oğlu 18 oktyabr 1992-ci ildə Bakı şəhəri Xətai rayonunda anadan olub. Sübhan 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2012-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb.

Əsgər Sübhan Abdurrəhmanlı torpaqlarımızın azadlığı uğrunda Vətən müharibəsində iştirak edib. Füzuli naminə döyüşlərdə vuruşub. Sübhan Abdurrəhmanlı 6 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Şəhidimiz II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sübhan Abdürrəhmanlı ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Hacıyev Murad Eynulla oğlu 1997-ci ildə Ağdaşın Gürcuva kəndində anadan olub. Müharibənin ilk günlərindən ön cəbhədə vuruşan Murad manqa komandiri olub. O Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib.

13 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.



Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Murad Hacıyev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Hadıyev Vüsal Balarəzi oğlu 8 oktyabr 2000-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. İlk təhsilini Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində alıb. Məktəb illərində idmanın cüdo növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunub.

2019-cu ilin oktyabr ayında Vüsal həqiqi hərbi xidmətə çağırılıb və Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Hadıyev Vətən Müharibəsinin başlandığı ilk günlərdən etibarən döyüşlərdə iştirak edib, Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmənlərə qarşı böyük mərdliklə döyüşüb. Vüsal Hadıyev 5 oktyabr 2020-ci ildə Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

20 yaşlı şəhidimiz ötən il oktyabrın 22-də Masallı şəhərinə gətirilib və şəhər məzarlığında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vüsal Hadıyev ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Əsgər Hüseynzadə Səməd Səttar oğlu 1998-ci ildə İsmayıllı rayonu Talıstan kəndində anadan olub. Müharibə zamanı özüyeriyən artilleriya taqımının heyət nəfəri kimi hərbi xidmətini yerinə yetirib.

2020-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetini bitirdikdən sonra Hərbi Xidmətə yola düşüb. Səməd müddətli həqiqi hərbi xidməti dövründə başlayan Vətən müharibəsinə qatılıb.

O top atəşini dəqiq yerinə yetirdiyi üçün düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. 30 sentyabr 2020-ci ildə Tərtərin Dəmirçilər kəndinin azad edilməsi uğrunda gedən şiddətli döyüşlər zamanı mənfur düşmənin atdığı top atəşi nəticəsində dörd yoldaşı ilə birlikdə qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Səməd Hüseynzadə ölümündən sonra “İgidliyə görə”, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Ağdam azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Gizir Məmmədov Cavid İlham oğlu 1990-cı il oktyabrın 18-də Şəmkir rayonu Yeniabad kəndində dünyaya göz açıb. Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. 28 sentyabr 2020-ci ildə kəndin azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Cavid Məmmədov ölümündən sonra “İgidliyə görə”, “Laçının azad olunması”, “Suqovuşanın azad olunması”, “Vətən uğrunda” medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin qardaşı Məmmədov Çingiz İlham oğlu da Vətən müharibəsində şəhid olub.

Çavuş Qasımov Eltun Vüqar oğlu 18 oktyabr 1994-cü ildə, Bakı şəhərində anadan olub. O, Azərbaycan Texniki Universitetini bitirdikdən sonra əsgərliyə yollanır. Burada hərbi vəzifəsi baş tuşlayıcı olur və təşəkkürnamə ilə xidmətini başa vurur.

Azərbaycan Ordusunun əsgəri olan Eltun Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Füzuli istiqamətində, daha sonra, Cəbrayıl rayonunun və kəndlərinin azadlığı uğrunda, ardınca, Hadrut, Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Eltun Qasımov yenidən Füzuliyə gətirilir və ötən il oktyabrın 14-də Füzuli rayonunun azad olunması uğurunda gedən döyüşlərdə həlak olub. Şəhidimizin Vətənə yadigar 10 aylıq körpəsi qalıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Eltun Qasımov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Quliyev Elçin Rövşən oğlu 1992-ci il noyabrın 18-də Bərdə rayonunun Qaradağlı kəndində anadan olub. O, 2020-ci il iyulun 17-də hərbi xidmətə yollanıb.

Elçin Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

O, döyüş tapşırıqlarını uğurla yerinə yetirərək düşmən bölmələrinin çoxlu sayda canlı qüvvəsini məhv edib.

Elçin Quliyev, sentyabrın 29-da Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən atılan mərminin partlayışı nəticəsində şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Elçin Quliyev ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Baş leytenant Şirəliyev Sahib Yusif oğlu 1995-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. S.Şirəliyev orta təhsilini Bakı şəhərində yerləşən Ağdam rayon 28 nömrəli tam orta məktəbdə alıb. Əlaçı olub, nizam-intizamı, fərdi xüsusiyyətləri ilə həmyaşıdlarından seçilib. Məktəb illərində boks idman növünə, hərb sənətinə maraq göstərib. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub.

İgid döyüşçü 2017-ci ildən Naxçıvan Muxtar Respublikasında, Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlı zabiti kimi Vətənə qulluq edirdi. Nümunəvi xidməti, xüsusi təyinatlı qruplar arasında keçirilən yarışlarda öncüllüyü ilə fərqlənib, dəfələrlə fəxri fərman və diplomlarla mükafatlandırılıb.

Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına vuruşub. Şuşa uğrunda gedən döyüşlərdə canı bahasına düşmənin canlı qüvvəsini məhv edən hərbçimiz şəhidlik zirvəsinə ucalıb.

O, noyabrın 14-də, doğulduğu Ərkivan qəsəbəsində torpağa tapşırılıb. Həmyerlisi, Tovuz döyüşlərində şəhid olmuş mayor Anar Novruzovun məzarının yanında dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Sahib Yusif oğlu Şirəliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.