İlham Əliyev Azərbaycan xalqına müraciət etdi

0
264

Prezident İlham Əliyev Müstəqilliyin bərpasının 30-cu ildönümü münasibətilə Azərbaycan xalqına müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Sizi xalqımızın dövlətçilik ənənələrinin yenidən dirçəldilməsinin – müstəqilliyimizin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm.

1991-ci il oktyabrın 18-də Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmaq imkanı qazanmış, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə özünün Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu dünyaya bəyan etmişdir.

Azərbaycan müstəqilliyinin ilk illərində çoxsaylı təhlükələrlə üzləşmiş, ağır sınaqlardan keçmişdir. Daxili çəkişmələr, dövlət idarəçiliyindəki özbaşınalıq və səriştəsizlik, ağır siyasi və iqtisadi böhran ölkəni vətəndaş müharibəsi astanasına gətirmiş, onun gələcək taleyini sual altına qoymuşdu. Məhz bu şəraitdə Azərbaycan torpaqları Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qalmış, yüz minlərlə soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür. Baş verənlər bir daha göstərmişdir ki, həqiqi müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.

Azərbaycan tarixinin bu ağır dönəmində ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıtdı. Yalnız bundan sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısı alındı. Qısa müddətdə ölkəmizin müstəqil daxili və xarici siyasət strategiyasının təməl prinsipləri müəyyən olundu, ictimai-siyasi sabitlik, dövlət intizamı təmin edildi, demokratik islahatların həyata keçirilməsinə və ordu quruculuğu prosesinə başlanıldı. Azərbaycan gələcək taleyi baxımından həlledici rola malik “Əsrin müqaviləsi”ndə iştirakı ilə dünyanın enerji xəritəsində xüsusi mövqe qazandı, qlobal iqtisadi mühitə inteqrasiya proseslərinə qoşularaq gələcək müvəffəqiyyətlərinə yol açan cəsarətli addımlar atdı.

Ölkəmiz bu gün nəhəng regional və qlobal layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Azərbaycan özünün milli maraqları əsasında müstəqil xarici siyasət yürüdür və dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır. Son illər ərzində iqtisadiyyatımızın həcmi üç dəfədən çox artmış, güclü iqtisadi infrastruktur yaradılmış, mədəni irsimizin qorunması, inkişafı və təbliğində, təhsil, səhiyyə və digər sosial sahələrdə ciddi uğurlar əldə edilmiş, insanlarımızın maddi rifahı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Torpaqlarının iyirmi faizinin 30 ilə yaxın işğal altında qalmasına, bir milyondan artıq qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan məqsədlərinə doğru daim inamla irəliləmiş, öz hədəflərindən yayınmamışdır.

Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır.

Bizə Zəfər bəxş etmiş bütün igid oğullarımıza bir daha minnətdarlığımızı bildirir, Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edirik.

Hörmətli həmvətənlər!

Mənim təşəbbüsümlə irəli sürülmüş qanun layihəsinin qəbul olunması ilə bu ildən etibarən 18 oktyabr ölkəmizdə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcəkdir. Bu gün biz 30 illik müstəqillik tariximizdə ilk dəfə olaraq müstəqilliyimizin bərpasının ildönümünü ərazi bütövlüyünü təmin etmiş qalib xalq kimi qarşılayırıq. Yaxın tariximizin bu əlamətdar hadisəsi münasibətilə bütün Azərbaycan xalqını bir daha ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.

Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır!”