İlham Əliyev: “Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq”

0
280

“Bizim ikitərəfli münasibətlərimiz, regional inkişaf, postmüharibə vəziyyəti ilə bağlı baxışlarımız tamamilə üst-üstə düşür. Biz Avropa İttifaqına səylərin səfərbər olunması və postmüharibə vəziyyətinə töhfə verilməsi prosesində böyük tərəfdaşımız və dürüst vasitəçi kimi güvənirik. Bizim ənənəvi əməkdaşlıq sahələrimiz yaxşı məlumdur və biz böyük nailiyyət əldə etmişik”. 

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edən zaman deyib.

Dövlət başçısının sözlərinə görə, on il bundan əvvəl bu binada Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa, enerji təhlükəsizliyinə dair Bəyannamə imzalandı:

“Bu, Cənub Qaz Dəhlizinin icrası istiqamətində çox mühüm addım idi. Bundan sonra əməli addımlar atıldı və ötən ilin son günündən bu yana biz artıq əməli nəticələri görürük. Azərbaycan qazı artıq Avropa bazarındadır.

Əlbəttə ki, bizim böyük layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması ilə bağlı planlarımız bununla məhdudlaşmır. Biz görürük ki, Avropa İttifaqının bir çox başqa üzvlərinin də təchizatçısı ola bilərik. Biz təchizatımızın coğrafiyasını genişləndirmək üçün Avropa İttifaqı ilə birgə işləməyi planlaşdırırıq – xüsusilə indi, qışda hər kəs görəndə ki, alternativ marşrut baxımından alternativ mənbə məhz enerji təhlükəsizliyidir”.