Bu gün Cəbrayıl şəhərinin işğaldan azad olunmasının bir ili tamam olur.
Ötən ilin bu günü, 4 oktyabr 2020-ci il tarixində Ali Baş Komandan İlham Əliyevin müjdəsini verdiyi Cəbrayıl şəhəri 27 illik əsarətdən sonra düşmən tapdağından azad olundu.
Müzəffər Ali Baş Komandan Cəbrayıl şəhərinin əsarətdən azad edilməsi xəbərini Azərbaycan xalqına bu çıxışı ilə çatdırmışdı:
“Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndi işğaldan azad edildi. Bu tarixi hadisə münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Cəbrayıl rayonunun və işğal olunmuş digər ərazilərin azad edilməsində fəal iştirak etmiş bütün əsgər və zabitlərimizi ürəkdən təbrik edirəm. Onların qəhrəmanlığı, şücaəti nəticəsində bu gün bizim doğma torpaqlarımız bizə qayıdıb. Bu qanlı döyüşlərdə həlak olmuş bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, yaralı hərbçilərimizə Allahdan şəfa diləyirəm. Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi. Cəbrayıl bizimdir!”
Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
İşğal nəticəsində rayona külli miqdarda ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.
Nəhayət, 4 oktyabr 2020-ci ildə müzəffər Azərbaycan Ordusu düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayıl şəhərini işğaldan azad etdi.
4 oktyabr 2020-ci ildə həmçinin Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndləri də düşmən tapdağından xilas edildi.
Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir.
Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.