“Ötən ilin əsas nəticəsi sabitliyin yaradılması oldu. Rusiyanın sülhməramlı kontingentinin səyləri nəticəsində hazırda hər hansı zorakılıq əməlləri yoxdur”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov vyetnamlı həmkarı Buy Than Şon ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“İlkin mərhələdə olan kiçik insidentlər tez bir zamanda həll olundu. Hazırda orada vəziyyət sabitdir. Baxmayaraq ki, bir sıra problemlər hələ də var. Bunlar ilk növbədə dinc həyatın təşkili, ərazilərin minalardan təmizlənməsi əməliyyatının tamamlanması, saxlanılan şəxslərin geri qaytarılması və s. ilə bağlıdır”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, indi əsas vəzifə erməni və azərbaycanlı icmaların öz aralarında inam yaratması, qaçqınların geri qayıtması probleminin həll edilməsi və gündəlik məişət problemlərinin həll olunması üçün dinc həyatı bərqərar etməkdir.