Dastanımız mübarək, şanlı Azərbaycan!

0
308
Dastanımız mübarək, şanlı Azərbaycan!

Tarix 27 sentyabr, 2020-ci il. Azərbaycan səhəri bu xəbərlə açır: “Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb”.

Olum, ya ölüm… Budur məsələ!

Məsələ Vətəndir, müharibə isə məcburiyyət…

Bizim üçün ona görə məcburiyyətdir ki, 30 ilə yaxın müddətdə əyləşmədiyimiz istənilən dizaynda masa, çıxmadığımız tribuna, səslənmədiyimiz kəs qalmadı.

Qarabağ məsələsi ilə bağlı danışan əcnəbi diplomatların qalstukları, kostyumları dəyişdi, amma fikirlər eyni olaraq qaldı. Və biz hər gün televizordan bu cümləni eşitməyə məcbur olduq: “Dünya birliyi bu ədalətsizliyə hələ də dözür”.

Əslində, cümlənin bu şəkildə ifadə edilməsi efir etikasından irəli gəlirdi. Reallıq isə budur ki, bu ədalətsizlik dünya birliyinin heç vecinə də deyildi.

30 il! Bu, elə-belə zaman deyil! Bu, Vətən Müharibəsində 30 yaşında şəhid olan 116 igidimiz ömrünə bərabədir! Və yaxud zamanın uzunluğunu ön plana çəkmək üçün daha bir ağır nümunə təqdim edə bilərəm – 1994-cü ildə birinci Qarabağ müharibəsindən sonra atəşkəslə bağlı Bişkek protokolu imzalananda, doğum evlərində dünyaya göz açan 186 Vətən övladı bu gün Vətən Müharibəsi şəhididir.

Və ya… 2000-ci ildə ATƏT-in Bakıdakı Ofisinin rəsmi açılışı olan zaman doğulan 172 azərbaycanlı balası 44 günlük Vətən müharibəsində canından keçdi.

Və son bir nümunə daha – 2001-ci ildə Fransada Jak Şirakın təşəbbüsü ilə danışıqların növbəti mərhələsi başlayanda, anadan olan 327 oğulumuz bu gün Vətən müharibəsi şəhidləri sırasındadır. Bizə şanlı zəfəri yaşadanlardandır!

Sözsüz ki, müharibə dəhşətdir, bəladır.

Ona görə də, Vətən müharibəsinin başlaması ilə qarışıq hisslər keçirdik. Şübhəsiz, millət olaraq həyatımızda aldığımız ən sevincli xəbərdir, ona söz yox! Təssəvvür edin, düşünün, elə bir həddə çatmışdıq ki, müharibənin başlamasını sevinclə qarşılayırdıq.

Amma digər tərəfdən də bir narahatlıq, təlaş da var idi. Çünki reallığı bilirdik, anlayırdıq ki, əks-hücum edən tərəfiksə və bu, müharibədirsə, itkilərimiz olacaq.

Biz zatən bütün bədəlləri gözə almış xalqıq. Döyüşlərə könüllü olaraq qatılan, müharibəyə aparılmadığı üçün dava salan gənclərimiz bunun sübutu idi.

Ordumuz barıt qoxulu yollara girdikcə, döyüşmək istəyib də, döyüşə aparılmayanlar, yaşı çatmayanlar, 7-dən 77-yə hər kəs əsgərlərimizə dəstək olmağa çalışırdı.

Qazaxda 8 yaşlı Cavanşir saz almaq üçün qəpik-qəpik yığdığı pulu orduya bağışlamışdı. Şəkidə 230 manat pensiya alan Hikmət baba onun 180-nini orduya göndərmişdi. Qadınlar bir yerə yığışıb kotlet bişirərək əsgərlərimizə sovqat yollamışdı. Vətəndaşlar yoldan keçən hərbi maşınları saxladıb avtomobillərin yük yerinə su, siqaret, ərzaqlar atırdılar ki, əsgərlərimiz korluq çəkməsinlər. Azərbaycan tarixinin ən duyğulu, həssan anlarını belə yaşadı – həmrəy, bir yumruq oldu. Bu, vətənə, vətən övladına olan sevginin sözlə ifadə edilməyəcək göstəricisi idi. Məncə, belə möhtəşəm bir millət daha yoxdur…

44 gün gecəmiz, gündüzümüz, yediyimiz, içdiyimiz bilinmədi. Hər kəsin diqqəti cəbhədən gələn xəbərlərə yönəlmişdi. Bir tərəfdən ərazilərimizin azad olunmasına sevinirdik, digər tərəfdən şəhidlərimizə üzülürdük. Gələcək nəsillərin tarix kitablarından oxuyacaq şanlı tarixə canlı şahidlik etdik. Neçə-neçə uşaq atasını, neçə-neçə ana-ata oğlunu, neçə-neçə qadın ərini şəhid verdi. Amma məğrurluqlarını itirmədilər. Şəhid oğullarının, şəhid ərlərinin tabutunu başı üzərində daşıyan qadınlarımız məğrurluğu ilə düşmənə göz dağı verdilər.

Beləcə, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Birinci Qarabağ müharibəsindən sonra doğulanlar ikinci Qarabağ savaşının qazanılmasında böyük pay sahibi oldular. Fred Asif, Albert Aqarunov, Ramiz Qəmbərov, Allahverdi Bağırov, Əliyar Əliyev əfsanələri ilə böyüyən gəncliyin özü dastana döndü. Bu gün artıq Vətən müharibəsinin başlamasının bir ili tamam olur. Alnı açıq, baş ucayıq.

Bu gün Şuşaya, Ağdama, Kəlbəcərə rahat şəkildə ayaq basırıq, festivallar, tədbirlər keçirik. Şuşada artıq Azan səslənir, Cıdır düzündə “Bayatı-şiraz” oxunur.

Havalanır Xanın səsi, Qarabağın şikəstəsi…

Artıq Qarabağın işğalda olması ilə bağlı oxunan həsrətdolu mahnılar, şeirlər arxivə gömülür. Bu il ilk dəfədir ki, məktəbə gedən birincilər “Unutma, unutdurma” adlı qan yaddaşını görmürlər. 7-dən 77-yə hər kəsin dilində Xudayarın oxuduğu təsnif var. Dastanımız mübarək, şanlı Azərbaycan!