Nazirlik: “9 kollec yenidən qurulub, onlardan 8-i universitetlərin nəzdinə verilib”

0
396
Nazirlik: 9 kollec yenidən qurulub, onlardan 8-i universitetlərin nəzdinə verilib

“Yeni tədris ilində orta ixtisas təhsili pilləsi üçün 142 ixtisas üzrə, ali təhsil pilləsinin bakalavriat səviyyəsi üçün isə 148 ixtisas üzrə tədris proqramı yenilənib”.

Bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, təhsil müəssisələrinin optimallaşdırılması nəticəsində 9 kollec yenidən qurulub, onlardan 8-i universitetlərin nəzdinə verilib: “Bu il kadr hazırlığını həyata keçirmək üçün SABAH magistraturası üçün ümumilikdə 540 dövlət sifarişli yer ayrılmışdı. Pandemiya dövründə Gəncə Dövlət universiteti üçün 3 yataqxana binası, Bakı Dövlət Universiteti üçün 1 yataqxana və Azərbaycan Dövlət İqtisadi Universiteti üçün isə 1 tədris binası istifadəyə verilib”.

Qeyd edək ki, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ikinci günüdür. Bu gün “Azərbaycan gəncləri üçün xaricdə keyfiyyətli təhsil”, “2019-2023 Dövlət Proqramı” üzrə xaricdə doktorantura təhsili”, “Peşə təhsili”, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyaların tanınması”, “Məktəbdə inspeksiyaların aparılması”, “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələri”, “İcma əsaslı məktəbəqədər təhsil layihəsi üzrə yeniliklər”, “Məktəblinin dostu” layihəsi 2021-2022-ci tədris ilində” mövzularında təqdimatlar olacaq.