“Facebook”da tanış olduğu qadını qətlə yetirən şəxsə hökm oxundu – VİDEO

0
298

2018-ci il avqustun 10-da Buzovna qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı baş tutan məhkəmə iclası yekunlaşıb. 

Belə ki, daxil olan məlumat əsasında Xəzər Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, keçid 2151-də yerləşən 1 nömrəli yataqxananın qarşısına cəlb olunublar. Hadisə yerində baxış keçirilərkən iki ədəd bıçaq və qan ləkələri aşkar edilib.

Məlum olub ki, 5 nömrəli mənzildə yaşayan 1994-cü il təvəlüdlü Səkinə Hümbətova aldığı ağır xəsarətlərdən xəstəxanada ölüb.

Xəzər Rayon Prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qətlin Ağsu şəhər sakini 1991-ci il təvəllüdlü Zəfər Mərdanov tərəfindən törədilməsi, onun tanışı Zülfiyyə Şiriyeva ilə birgə, sonuncuya məxsus “Mitsubishi” markalı avtomobildə hadisə yerinə gəlmələri və sonradan həmin nəqliyyat vasitəsini Şağan qəsəbəsi ərazisində atıb getmələri müəyyən edilib. 

Avqustun 12-də Zəfər Mərdanov şübhəli şəxs qismində tutulub və törətdiyi cinayət əməlini etiraf edib. 

Təqsirləndirilən şəxs qismində dindirilmiş Z.Mərdanov bildirib ki, Səkinə Hümbətova ilə hadisədən təxminən 6 ay əvvəl “Facebook” sosial şəbəkəsində tanış olub. Əvvəl adının Emil olduğunu bildirib, həmin sosial şəbəkədə bir neçə dəfə bir-birilərinə mesaj göndərdikdən sonra qadın öz telefon nömrəsini ona verib. Səkinə əvvəllər evli olub boşandığını, dörd yaşlı qızının olduğunu deyib. Mobil telefonla danışdıqdan iki gün sonra S.Hümbətova onu Buzovna qəsəbəsində yaşadığı evə dəvət edib. O, S.Hümbətovayla ilə mütəmadi görüşməyə başlayıb, ona qarşı sevgi hissləri yaranıb. Avqustun 9-da S.Hümbətova zənglərinə cavab vermədiyi üçün, onun əmisi qızı Sevinclə əlaqə saxlayıb. Sonuncuya S.Hümbətovanın zənglərinə cavab vermədiyini söylədikdə, qız qohumunun onu artıq sevmədiyini və ayrılmaq istədiyini deyib.

Z.Mərdanov S.Hümbətova hansı səbəbə görə onu sevmədiyini haqda düşünüb, ayrılmaq istəmədiyi üçün ona xəsarət yetirmək qərarına gəlib və son görüşlərində qadını bıçaqlayaraq qətlə yetirib. 

Hadisəni törətdikdən sonra o, Kürdəmir rayonunda yaşayan bacısının yanına yollanıb. 

Avqustun 12-də Bakıya qayıdıb və Xəzər Rayon Polis İdarəsinə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum olunub.