İlqar Rəhimov: “Azərbaycan 36, Ermənistan bir lisenziya qazanıb” – FOTO

0
360

“47 idman növündə 36 lisenziya əldə etmişik. İdmançılarımızdan yeddi nəfəri əlil arabası istifadəçisidir. Rio Olimpiadasında cəmi 22 lisenziya qazandığımızı nəzərə alsaq, budəfəki lisenziya sayı rekord göstəricidir”.

Bunu Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov deyib.

“17 yaşlı üzgüçümüz ən gəncdir, 59 yaşlı Yelena Taranova ən yaşlı idmançımızdır. Yelena altıncı dəfə Paralimpiya Oyunlarının iştirakçısı olacaq. Gürcüstan cəmi 10, Ermənistan isə 1 lisenziya qazanıb. Ermənilərə bu, “vayld-kard” sistemi ilə verilib. İdmançılarımız Azərbaycanın 11 şəhərini təmsil edir. Rauf Mürsəlov missiya rəhbəri (şef-de-mission) təyin olunub. İştirakçılar arasında iki dünya və 16 Avropa çempionumuz var.

Oyunlara iki forma ilə gedirik. Biri Olimpiya millimizin istifadə etdiyi formalardır. Digəri isə “SOCAR Polymer” şirkətinin sponsorluğu ilə Paralimpiya komandamıza məxsus qırmızı formalardır. Həmçinin orda idmançılarımızın istifadə edəcəyi xüsusi əlil arabaları da artıq sərəncamımızdadır. İlk heyətdə üzgüçülər Yaponiyanın Şika şəhərinə gedəcək. Onlar 10 avqustda yola düşəcək. Daha sonra hissə-hissə qalan heyət yola düşəcək. Sonda parataekvondoçular yola düşəcək”, – deyə İlqar Rəhimov bildirib.

Qeyd edək ki, Tokio Paralimpiya Oyunları 24 avqust – 5 sentyabr tarixlərində keçiriləcək.