Qəhrəman övladları “Türkiyəm, səninləyik!” dedilər – FOTO/VİDEO

0
470

“Fire Land Production”ın təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün növbəti dəfə “Mənim atam qəhrəmandır” adlı silsilə tədbir həyata keçirilib. Tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini, eləcə də balacaların yoqa təlimlərinə qatılmasını təşkil etmək idi.

Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən start götürdü. Ekskursiya avtobuslarında “Yaşa-yaşa, Azərbaycan” mahnısını ifa edərək şəhəri dolaşan şəhidlərin övladları şəhid atalarının rəsmi həkk olunmuş köynəklərdə, dəstək üçün iştirak edən digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimdə tədbirə qatılmışdılar.

Tədbirin rəsmi hissəsi “Dreamland Golf Club”un ərazisində baş tutdu. Tədbirin aparıcısı Leyla Quliyeva qəhrəman övladlarını, xanımlarını və tədbirə qatılan digər qonaqları salamladıqdan sonra hamını müzəffər ordumuzun şəhid qəhrəmanlarını bir dəqiqəlik sükutla yad etməyə çağırdı.

Tədbirdə qonaq qismində iştirak edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək bu tədbirin artıq dillər əzbəri olduğunu, xalq arasında tanındığını bildirdi. A.Eyyubov Azərbaycan Prezidenti, Ali Baş Komandanın yürütdüyü düzgün siyasət və mərd oğullarımız sayəsində indi qələbə sevincini yaşadığımızı bildirdi. O, üzünü şəhid övladlarına tutaraq -“Sizin atalarinizin sayəsində Azərbaycan tarix yazdı” – dedi.

O, daha sonra bu tədbirin təşkilatçılarına, xüsusən “Fire Land Prodoction”un rəhbərliyinə öz minnətdarlığını bildirdi.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmisi Aydın Eyyubov belə tədbirlərin dəmir yumruq kimi birgə olmağımızın, bir daha cəmiyyətimizin həmrəyliyinin sübutu olduğunu dedi. R.Abbasov keçiriləcək bütün layihələrə daim dəstək olmağa hazır olduqlarını bildirdi.

Daha sonra aparıcı şəhid Cəbrayıl Dövlətzadənin anası Məleykə xanımla tədbirin fəxri qonağı olan Azərbaycanın Xalq artisti, müğənni Röyanı səhnəyə dəvət etdi. Röya – “Sizin kimi ana olmaq istəyirik”-deyib, şəhid anasına belə övlad yetişdirdiyi üçün təşəkkür etdi. O, həmçinin “Fire Land Production”un rəhbəri Cəlal Qurbanova onu bu tədbirə dəvət etdiyi üçün təşəkkürünü bildirdi.

Məleykə xanım çıxış edərək təkcə Cəbrayıl Dövlətzadənin anası olmadığını, bütün şəhidlərin onların övladı olduğunu dedi. Bütün şəhid analarına səbir arzulayan Məleykə xanım hamıya təşəkkürünü bildirdi.

Tədbirin gedişatı zamanı yoqa təlimçisi Nərgiz Rzayeva balacalarla yoqa təlimi həyata keçirdi. Qeyd edək ki, uşaqlar bu təlimlərə böyük həvəs və maraqla qatıldılar.

Vurğulayaq ki, tədbirdə fəxri qonaq olan Xalq artisti Röya Ayxan öz övladı Hüseynlə iştirak etdi. Balaca Hüseyn də subay şəhidlərimizdən birinin rəsmi həkk olumuş geyimdə tədbirə qatılmışdı. Tanınmış müğənni uşaqlarla birlikdə “Zəfər himni”ni oxudu və onlar səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını göndərdilər. Daha sonra sənətçi iştirakçılar üçün  “Göyərçin” mahnısını da səsləndirdi.

Tədbir zamanı qardaş ölkə Türkiyədə baş verən təbii fəlakəti də unutmayan iştirakçılar əllərində Türkiyə bayraqları – “Bu birliklə əzəmətsən, Sən sevgisən, məhəbbətsən – Azərbaycan-Türkiyə!”- şüarını səsləndirdi.

Tədbirin sonunda qəhrəman övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olundu.