Kəlbəcərdə şəhid olan AzTV-nin əməkdaşı ilə vida mərasimi keçirilir – FOTO

0
279

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışovla vida mərasimi keçirilir.

Şəhid operatorla vida mərasimi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki evində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra onun cənazəsi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü – Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.