Bakıdakı peşə məktəbində rus bölməsi ləğv edilir? – AÇIQLAMA

0
375

Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin müəllimləri rəhbərlikdən narazıdır.

Bu barədə bir qrup müəllim tərəfindən şikayət ünvanlanıb. 

Müəllimlər iddia edir ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində rus dilli qruplarına qəbul ləğv edilir:

“Biz Bakıxanov qəsəbəsi, Mehmandarov 4 ünvanında yerləşən Bakı Dövlət Peşə Təhsil Mərkəzində çalışırıq. Mərkəzdə həm Azərbaycan, həm də rus dilində təhsil tədris olunur. Lakin bu il rəhbərlik növbəti tədris ili üçün rus dilli qruplarına qəbulu ləğv etməyə çalışır.

Müəllimlər bu problemdən narazıdır. Direktora bu barədə müraciət etsək də, bizə müsbət cavab verilmir. Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin saytında qəbul üçün seçimlərdə Azərbaycan bölməsi qoyulsa da, rus bölməsi yerləşdirilməyib. Bizə isə bildirilir ki, rusdilli qruplara lazımı qədər uşaq yığılmadığı üçün ləğv edirik.

Rəhbərlik bu barədə Bakı Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdiklərini və onların da rusdilli qrupların bağlanmasına razılıq verdiklərini qeyd edirlər. Bu il təhsilini davam edən rusdilli qruplar bitdikdən sonra yeni siniflər olmayacaq, müəllimlər isə işsiz qalmaqdan qorxurlar. Məsələnin həllini uzadaraq zaman qazanmağa çalışırlar, bu zaman isə bizim əleyhimizə işləyir. Artıq buraxılış imtahanları başlayıb və respublikanın bir çox ərazilərində ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. Belə ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2-3 iyunda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları respublikanın 28 şəhər və rayonunda keçirildi. Qəbul üçün seçim etmək istəyənlər rus bölməsini görmədiyi halda bizim peşə məktəbinə necə sənəd versinlər?”

Məsələ ilə bağlı Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə sorğu ünvanladıq. Agentlikdən bildirilib ki, Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 2021/2022-ci tədris ili üzrə rus bölməsi üçün ixtisas qruplarının tədrisi nəzərdə tutulub:

“Ümumilikdə peşə təhsil müəssisələrinin qəbul planları özəl sektor tərəfindən daxil olan tələblər, peşə təhsil müəssisəsinin maddi-texniki bazası və tədrisi aparan müəllim heyətinin kvalifikasiyası nəzərə alınmaqla planlaşdırılır və müvafiq dövlət qurumları tərəfindən təsdiqlənir. 2021/2022-ci tədris ili üzrə qəbul planına dair ətraflı məlumatların cari ilin avqustunda geniş ictimaiyyət ilə paylaşılması nəzərdə tutulur”.

Müəllimlərin iddialarını əsaslandırmaq məqsədilə təqdim etdikləri fotofakta münasibət olaraq isə qeyd edilən məlumatın son yekunlaşmış məlumat olmadığı bildirilib:

“Sözügedən məlumata istinad etməyiniz arzuedilən hesab olunmur. Hazırda peşə təhsil müəssisələrinə qəbul aparılmır. Sözügedən prosesə cari ilin avqust ayından etibarən başlanılacaq. Daha əvvəl də qeyd edildiyi kimi, sözügedən müəssisədə rus bölməsi üzrə ixtisas qruplarının tədrisi nəzərdə tutulub”.