Maliyyə Nazirliyindən vergi və gömrük güzəştləri ilə bağlı AÇIQLAMA

0
372

Maliyyə Nazirliyinə vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təklif və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatlar təqdim edilə biləcək.

Bu barədə Maliyyə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli qərarı ilə “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması qaydası” təsdiq edilib.

Həmin qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyində “Vergi və gömrük sahəsində verilmiş güzəştlərə dair “Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi” yaradılıb. Dövlət orqanları, publik hüquqi şəxslər və biznes assosiasiyaları 1 iyun 2021-ci il tarixindən etibarən onları təmsil edən səlahiyyətli şəxslər vasitəsilə Maliyyə Nazirliyinin internet səhifəsində yaradılmış “Vergi və gömrük güzəştlərinə dair müraciət” bölməsində elektron imza ilə qeydiyyatdan keçərək, vergi və gömrük sahəsində güzəştlərlə bağlı qanunvericiliyə dəyişikliklərə dair təkliflərini və güzəştlərin büdcə gəlirlərinə təsirinin qiymətləndirilməsi üçün zəruri olan məlumatları təqdim edirlər.

Büdcə itkilərinin hesablanması və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi və qiymətləndirilməsinin nəticələrinə dair arayışın tərtibi gömrük rüsumları üzrə təklif olunan güzəştlərə münasibətdə təklifin təqdim edildiyi tarixdən bir ay ərzində (əlavə məlumatların alınmasına ehtiyac yarandıqda, müddət əlavə bir ayadək uzadılır), vergi güzəştlərinə münasibətdə isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.8-ci maddəsinə uyğun olaraq növbəti ilin büdcə zərfi çərçivəsində həyata keçirilir.

Maliyyə Nazirliyi avqust ayının 15-dən gec olmayaraq, güzəştlər üzrə büdcə itkilərinin hesablanmasına və dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsinin nəticələrinə dair məlumatları Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırmaqla, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 11.15-ci maddəsinə əsasən növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri ilə birlikdə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir.