Lavrov: “Fikir ayrılıqları Türkiyə ilə əməkdaşlığımızın inkişafına maneə olmur”

0
311

“Bir sıra beynəlxalq mövzularda Ankara ilə bizim aramızda ciddi fikir ayrılıqları var. Lakin bu, türk tərəfdaşlarımızla intensiv siyasi dialoq aparmağımıza və energetikadan tutmuş turizmə qədər müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyimizə maneə olmur”.

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Arqumenti i faktı” nəşrinə müsahibəsində bildirib.

“Unutmayaq ki, NATO ölkəsi olan Türkiyə Vaşinqtonun ciddi təzyiqlərinə baxmayaraq, sadəcə Rusiyadan qabaqcıl hərbi texnikanın əldə edilməsi ilə maraqlanmadı, hətta müasir S-400 “Triumf” zenit raket komplekslərinin alınması üçün müqaviləni reallaşdırdı”, – deyə S.Lavrov bildirib.

Sergey Lavrov həmçinin bildirib ki, Qarabağda yanvarın 30-dan etibarən Türkiyə ilə birgə atəşkəsə və bütün hərbi fəaliyyətlərə nəzarət üzrə mərkəz fəaliyyət göstərir.

Rusiya XİN başçısı qeyd edib ki, Türkiyə ilə həm ikitərəfli, həm də İranın iştirakı ilə üçtərəfli formatda keçirilən görüşlərdə Suriya probleminin həlli üçün daha əlverişli mexanizmlər hazırlanıb.

“Beləliklə, mövcud fikir ayrılıqlarını gözardı etmədən, Türkiyə ilə qarşılıqlı əməkdaşlığın inkişafında ortaq maraqlarımıza dair strateji baxışı rəhbər tutmağa davam edəcəyik. Əminəm ki, bu həm rus, həm də türk xalqlarının istəklərinə cavab verir”, – deyə XİN başçısı bildirib.