İşsiz qalan şou əhli: Evini, maşınını, qızıllarını satanlar – SİYAHI

0
347

Bir ildən çoxdur ki, pandemiyaya görə toyların, böyük məclislərin qadağan edilməsi şou-biznes nümayəndələrini də dilə gətirib. Onlar dəfələrlə gəlir yerlərinin olmamasından gileyləniblər.

Axşam.az xəbər verir ki, bir çox sənət adamı maddi sıxıntı yaşadığından əlavə biznes qurub. Bəziləri isə pul qazanmaq üçün Rusiyaya üz tutub. Bir neçə sənət adamı isə əşyasını, avtomobilini satıb.

Xalq artisti Səməd Səmədov pandemiyada maşınını satdığını deyib. Müğənni bildirib ki, pulu olmadığı üçün bahalı avtomobilini sataraq, əvəzində daha ucuzunu alıb.

Əməkdar artist Elnarə Abdullayeva qızıllarını satdığını deyib. Xanəndə Rusiyada toylara getməzdən əvvəl pulsuz qaldığını və tək çarəni bunda gördüyünü bildirib.

Müğənni Nadir Qafarzadə də bahalı saatlarını sataraq maddi sıxıntıdan xilas olub. Hazırda isə sənətçi Rusiyaya işləməyə üz tutub.

Müğənni Elton Hüseynəliyev iki avtomobilindən birini satıb. Hazırda isə o, evlərdə keçirilən məclislərə qatıldığını deyib.

Müğənni Xuraman Şuşalı ötən ilin sentyabrında yeni tikdirdiyi villasını satışa çıxardığını açıqlayıb. O bildirib ki, evi hələ tam hazır deyil. 4 sot torpaq ərazisi olan tikiliyə Xuraman 100 min manat xərclədiyini söyləyib. İndi isə o, kafe açıb.

Müğənni Bahar Lətifqızı da çətin günlərində evini və avtomobilini satıb. Sənətçi iki evi olduğunu deyib. O bildirib ki, birini sataraq sıxıntılarını aradan qaldırıb.

Müğənni Aynur Dadaşovanın evini satdığı ortaya çıxıb. Həyat yoldaşından ayrıldıqdan sonra sənətə qayıdan və məclislərə gedən ifaçı pandemiyada işsiz qalıb. O da çarəni evini satmaqda görüb.

Müğənni Niyam Salami maddi sıxıntıdan ən çox gileylənən sənət adamı olub. O, bir müddət əvvəl “Range Rover” markalı maşınını satıb.