Çikaqo polisi təslim olan 13 yaşlı uşağa atəş açaraq öldürdü FOTO

0
408

Təslim olmasına baxmayaraq, Çikaqo polisi 13 yaşlı uşağa atəş açaraq öldürüb.

Hadisəni əks etdirən videogörüntülər yayılıb.

Hadisə bu ilin martın 29-da baş verib. Adam Toledo adlı yeniyetmə uşaq polisdən qaçıb və daha sonra əllərini qaldıraraq polisə tərəf dönüb, təslim olduğunu bildirib. Lakin Çikaqo polisi uşağa atəş açıb. Sinəsindən güllə yarası alan Toledo ilk tibbi yardıma baxmayaraq ölüb.

Hadisədən sonra polis oğlanın silahı olduğunu iddia edib. Lakin yayılan videogörüntülərdən də aydın görünür ki, Toledo polisin “Dur” əmrinə tabe olaraq silahını yerə atır və polisə tərəf dönür. Beləliklə, Toledo Çikaqoda son illərdə polis tərəfindən öldürülən ən gənc adam olub.

Hadisə Çikaqoda böyük narahatlıq doğurub. Çikaqo valisi Lori Ligsfut insanları səbrli olmağa çağırıb.

“Qısaca desək, Toledonu qoruya bilmədik. Şəhərimizdə başqa birini itirə bilmərik. Uzun müddətdir ki, polis zorakılığından və qanunsuzluqlarından əziyyət çəkən bir şəhərdə yaşayırıq”, – deyə, Lori Ligsfut bildirib.

Çikaqonun “Sun-Times” qəzetinin yazdığına görə, Toledoya atəş açan 34 yaşlı polis məmuru müharibə veteranıdır. Ona qarşı əvvəllər ittihamlar olmayıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ-ın Minnesota əyalətində 20 yaşlı Daunte Vrtayt adlı qaradərili oğlan polis tərəfindən güllələnərək öldürülmüşdü.

Ötən il isə Minneapolis şəhərində Corc Floyd adlı qaradərili ağdərili bir polis tərəfindən öldürülmüşdü. Hadisə ölkədə böyük etirazlara səbəb olmuşdu.