Hafiz Səfixanov: “Həddən artıq mina torpaq altındadır və öz qurbanlarını gözləyir”

0
369

“Virtual olaraq minalanmış ərazilərə baxış keçirdik. Həddən artıq mina torpaq altındadır və öz qurbanlarını gözləyir. Bu səbəbdən də diqqətli olmaq lazımdır”.

Bu sözləri Beynəlxalq Mina Təhlükəsi ilə Mübarizə günü ilə əlaqədar brifinqdə çıxış edən Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, humanitar minatəmizlənmə işləri aparılır:

“Lakin bununla paralel insanların maarifləndirilməsi də həyata keçirilir. Mina qurbanı olan şəxslərin reabilitasiyasına dəstək edilir.

Minalar əleyhinə aparılan kampaniyaların müəyyən hesabatı var. Təəssüf ki, Azərbaycan minalarla çirklənmiş ərazilər içərisində ilk 10-luqdadır. Minaların kütləvi şəkildə yerləşdirilməsi infrastruktur layihələrinin həyata keçirməsini ləngidir. Bu da məcburi köçkünlərin öz torpaqlarına qayıtması prosesini gecikdirir.

Bu yerdə əsas məsələ gündəmə gəlir. Ermənistan minalanmış ərazilərin xəritələrini vermir. Bu xəritələrin olmadığına dair fikir səslənir ki, bu da inandırıcı deyil. Hərbi məlumatlara görə bu cür hal mümkün deyil. Minalanan ərazilərin xəritəsi mütləq tərtib olunmalıdır”.