Deputat: “Azərbaycan Prezidentinin təşəbbüsləri BMT tərəfindən ən yüksək səviyyədə qəbul olunur”

0
407

“Azərbaycanın koronavirusla mübarizədə 2020-ci və bu il ortaya qoyduğu səylər ölkə daxilində, regionda və beynəlxalq müstəvidə yüksək qiymətləndirilir”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamənin qəbul edilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev hələ ötən il COVID-19-la mübarizədə qlobal təşəbbüslə çıxış edib: “Dövlətimizin başçısı peyvəndin dünyada ədalətli bölgüsü və hər bir cəmiyyət üçün əlçatanlılığının təmin edilməsi sahəsində beynəlxalq səyin ortaya qoyulmasının vacibliyini vurğulamışdı. Prezident İlham Əliyevin uzaqgörənliyindən qaynaqlanan düşüncələri bu gün BMT tərəfindən ən yüksək səviyyədə qəbul olunur. Bu da Azərbaycanın pandemiya ilə mübarizədə nə qədər doğru mövqedə olduğunu təsdiqləyir”.

Deputat bildirib ki, Azərbaycanın beynəlxalq müstəvidə çəkisinin artması və yeni diplomatik uğurlar qazanması Ermənistanı narahat edir: “Ermənistan nümayəndəsinin həmin beynəlxalq tədbirdə ortaya qoyduğu arqumentlərin heç biri nəzərə alınmadan qətnamə qəbul edildi. Ermənistanın həmişəki kimi COVID-19-la qlobal mübarizədə səhv mövqe tutub. Bu da yalnız Azərbaycana deyil, bütün insanlığa qarşı yönəlmiş addımdır. Beynəlxalq ictimaiyyət bu mövqeyi birmənalı olaraq yaxşı qarşılamır. Ermənilər qeyri-konstruktiv, dar düşüncəli mövqeləri ilə sadəcə regionda yox, həm də dünyada öz simalarını ortaya qoydular. Dünya bilməsə də, bunun səbəbi bizə yaxşı məlumdur. Çünki qətnamənin hazırlanması və tədbirin keçirilməsi təşəbbüsünü Azərbaycan Prezidenti irəli sürüb. Dövlətimizin başçısının ortaya qoyduğu mövqe, təşəbbüsləri bu gün ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və qəbul olunur”.

Qeyd edək ki, martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilib. Qətnamədə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında COVID-19 əleyhinə peyvəndlərin ədalətsiz və qeyri-bərabər bölüşdürülməsi məsələsinin insan hüquqlarından istifadəyə mənfi təsiri məsələsinə diqqət çəkilib və bunun pandemiyanın tamamilə aradan qaldırılmasında, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Gündəliyində nəzərdə tutulan məqsədlərə nail olunmasında başlıca əngəllərdən biri olduğunu vurğulanıb. Pandemiyanın aradan qaldırılmasında qlobal həmrəyliyin və çoxtərəfli əməkdaşlığın əhəmiyyətinə xüsusi vurğu edən qətnamə, bu xüsusda, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci il tarixində keçirilən BMT Baş Assambleyasının COVID-19 pandemiyasına həsr olunan xüsusi sessiyasının əhəmiyyətini qeyd edilib.