Transxəzər nəqliyyat marşrutunun inkişaf planı təsdiqləndi

0
378
Transxəzər nəqliyyat marşrutunun inkişaf planı təsdiqləndi

Martın 16-17-də İstanbulda “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının (TBNM BA) işçi qrupunun iclası keçirilib.

Türkiyə Dövlət Dəmir Yolları (TCDD) Daşımaçılıq İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukraynanın dəmir yolu şirkətləri iştirak ediblər. Polşa və Rumaniyanın dəmir yolu şirkətləri onlayın formatda tədbirə qatılıblar.

TBNM-in 2020-ci ildəki fəaliyyətinə dair hesabatın, 2021-ci ildəki inkişaf planının müzakirə olunduğu iclasda koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bütövlükdə marşrutun inkişaf etdiyi, tranzit konteyner daşımalarının artdığı qeyd olunub. İşçi qrupu tərəfindən TBNM-in 2021-ci ildə inkişaf planı və yük daşımaları tarifləri təsdiqlənib, habelə marşrutun potensialından daha dolğun bəhrələnmək, iqtisadi və istehsalat göstəricilərini artırmaq üçün 2025-ci ilədək TBNM-in inkişaf strategiyasını hazırlamaq qərarlaşdırılıb.

TCDD Daşımaçılıq İdarəsinin sədri Xəzan Pezük nitqində 60-dan çox ölkəni, dünya iqtisadiyyatının 30 faizini əhatə edən TBNM-in Cənub-Şərqi Asiya və Çindən Orta Asiya, Azərbaycan və Gürcüstan vasitəsilə Avropaya daşımaların ən qısa, sürətli, iqtisadi baxımdan ən sərfəli yol olduğunu qeyd edərək Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə fəaliyyət göstərdiyi 3 il ərzində 900 min tonadək yük daşındığını, TCDD-nin həmin xəttə vaqon və lokomotiv dəstəyini bundan sonra daha da artıracağını dilə gətirib.

Qazaxıstanın “Qazaqstan Temir Joly Express” şirkətinin nümayəndəsi M.Əhmədcanova da son iki ay ərzində TBNM-dən tranzit daşımalarının ötən ilin müvafiq dövrünə nisbətən 2,4 dəfə artaraq 2600 TEU təşkil etdiyini bildirib.

Xatırladaq ki, 2014-cü ilin fevral ayında Azərbaycan, Gürcüstan, Qazaxıstan tərəfindən təsis edilmiş TBNM-də hazırda vahid daşıma tarifləri və vahid pəncərə sistemi tətbiq olunur.