Britaniya qəzeti Azərbaycandan yazdı

0
333

Böyük Britaniyanın “The Telegraph” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc olunub.

Məqalənin müəllifi Ceyms Stivort Azərbaycana səyahət edərək ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

“Azərbaycan – heç vaxt səyahət etməyi düşünmədiyiniz möhtəşəm ölkə” adlı məqalədə müəllif ölkəmizin görməli yerlərindən, füsunkar təbiətindən, turizm imkanlarından bəhs edib.

Bakının “Xəzərin Dubayı” adlandırıldığı məqalədə vurğulanıb ki, Qafqaz ölkələrindən ən maraqlısı “Odlar yurdu” kimi tanınan Azərbaycandır. Baxmayaraq ki, Gürcüstan səyahət mərkəzlərindən birinə çevrilib, lakin Azərbaycan daha cazibədardır.

Müəllif Azərbaycanda olarkən Şəkiyə getdiyini qeyd edib. O bildirib ki, uzun bir yol qət edəndən sonra insan yorğunluq hiss edə bilər, lakin ətrafdakı mənzərəni görəndən sonra vəziyyət dəyişir. Paytaxtdan kənardakı boş ərazilər birdən yox olur və yerini təpəliklər, üzüm bağları, tarlalar tutur.

Məqalədə 2019-cu ildə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb. Köhnə karvansarayın çay bağçasında oturub bir zamanlar tacirlərin metal, keramika və ipək alış-verişi etdiyi yerlərə baxdığını qeyd edən müəllif Xan Sarayını da ziyarət etdiyini, Şəkinin mətbəxi ilə tanış olduğunu bildirib.

Sonra o, Kiş kəndinə getdiyini, bu kəndin daşlarla döşənmiş zolaqlı yollarının çox gözəl olduğunu vurğulayıb. Kiş kəndində tanınmış norveçli səyyah Tur Heyerdalın büstünün olduğunu qeyd edən jurnalist bildirib ki, o, Azərbaycanda çox məşhurdur. Çünki norveçli səyyah Kişdə I əsrə aid kilsənin restavrasiyasını təşkil edib. “Kişdəki kilsədə mənə iki skelet göstərdilər. Mən onların nə qədər nəhəng olduğunu gördüm”, – deyə müəllif əlavə edib.

Şəkidə olarkən Quba haqqında da eşitdiyini vurğulayan britaniyalı jurnalist Bakıya qayıdıb bu rayona səyahət etdiyini diqqətə çatdırıb. O, Qubanın Xınalıq kəndinin gözəlliyindən bəhs edərək buranın İncildə haqqında yazılan yerlərə bənzədiyi vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ən ucqar ərazilərindən birində yerləşən bu kənddə dağın dibi ilə axan çayın səsini eşitmək mümkündür. O, Xınalığa müasir standartlara uyğun yolun çəkildiyini, burada insanların özlərinə məxsus həyat tərzlərinin olduğunu qeyd edib. Müəllif məqalədə Xınalıq sakinləri ilə söhbətlərinə də verib, sakinlərin onu gəzintiyə apardıqlarını, uzaqdan Şahdağı göstərdiklərini, gözəl mənzərələr seyr etdiklərini bildirib.

Ceyms Stivort Quba rayonunun dağlıq ərazisində yerləşən Qalayxudat kəndində də olduğunu, burada onu çay içməyə dəvət edən sakinin Quba qalası haqqında maraqlı əhvalatlar danışdığını vurğulayıb. O, gəzdiyi bu ərazilərin turistik məkana çevriləcəyini, Xınalıqdan Qəbələdəki qış istirahət mərkəzinə birbaşa yol çəkiləcəyini də diqqətə çatdırıb.