Bakı və Abşeronda Novruz yarmarkaları açıldı – BU ÜNVANLARDA

0
314

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 13-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunub.

KTN-dən verilən məlumatda bildirilir ki, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək yarmarkanın təşkilində əsas məqsəd bayram günlərində vətəndaşların kənd məhsullarına artan tələbatlarını yerli və sağlam məhsullarla qarşılamaq, yerli fermerlər üçün alternativ satış kanalı təşkil etməkdir.

“Kənddən Şəhərə” Novruz yarmarkalarında satışa çıxarılacaq məhsullar tamamilə yerli istehsal olub, müxtəlif regionlarda fəaliyyət göstərən və yarmarkada iştirak üçün əvvəlcədən qeydiyyatdan keçən fermerlər tərəfindən alıcılara təqdim olunacaq. Yarmarkada 30-dan artıq regiondan 100-dən artıq fermer 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçirəcək. Məhsulların qiymətləri digər satış mərkəzlərindən və bazarlardan daha münasib, eləcə də aztəminatlı ailələrin büdcələrinə uyğun olacaq.

Qeyd edək ki, bayram yarmarkası karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər əvvəlcədən tibbi müayinədən keçiriləcək, ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşlar temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə buraxılacaqlar. Həmçinin, yarmarkanın keçiriləcəyi müddətdə təşkilatçı qurum tərəfindən yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq və ziyarətçilərin sosial məsafəni qorumasına ciddi nəzarət olunacaq.

“Kənddən şəhərə” Novruz yarmarkası aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

– Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

– Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

– Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A